Cənubi Koreyanın “Import” nəşrində Azərbaycanın iqtisadi potensialı haqqında məqalə dərc edilib

post-img

Koreya İdxalatçılar Assosiasiyasının (KOIMA) “Import” jurnalında Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənovun “Azərbaycandakı iqtisadi potensial və biznes imkanları” başlıqlı məqaləsi Koreya dilində dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, ölkəmizin strateji iqtisadi hədəflərindən, iqtisadi diversifikasiya prioritetlərindən, iqtisadi klasterlədəki kommersiya üstünlüklərindən, potensial sərmayə sahələrindən, bərpaolunan enerji sahəsində potensialından, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı investisiya imkanlarından söz açılıb, eləcə də ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi və Azərbaycanın “COP29” tədbirinə ev sahibliyi edəcəyi qeyd olunub.

Məqalədə Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər beynəlxalq Şərq–Qərb nəqliyyat dəhlizi - Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Silk Way West Airlines” şirkəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Trans-Xəzər Fiber-Optik kabel xətti layihəsi barədə də məlumat verilib.

Yazıda Azərbaycan-Cənubi Koreya iqtisadi əməkdaşlığından bəhs olunub, iqtisadi-ticari əlaqələrin inkişafında qarşılıqlı işgüzar səfərlərin və iqtisadi tədbirlərin rolu vurğulanıb, iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, hökumətlərarası komissiyanın işinin əhəmiyyəti, iki ölkə arasında müqavilə-hüquq bazası, eləcə də KOIMA və Koreyanın digər iqtisadi assosiasiyaları ilə əlaqələr barədə məlumatlar əksini tapıb.

İqtisadiyyat