Gələn il ölkəmizdə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.
Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.
Xatırladaq ki, Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 milyon dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.