“Azərişıq” Ağdamın elektrik təsərrüfatını yeniləyir

post-img

İşğaldan azad edilən bütün regionlarda olduğu kimi,  Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işləri sürətlə həyata keçirilir.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) verdiyi məlumata görə,  hazırda   rayonda  keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı üçün müasir standartlara uyğun, yeni elektrik şəbəkəsi qurulur.

Bildirilir ki, Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.

Hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq özünüdaşıyan izolyasiyalı naqillər çəkilib. 

Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi şəhərsalma planına əsasən aparılır.

İqtisadiyyat