Azərbaycanın beynəlxalq daşımalarda payı getdikcə artır

post-img

Bu ilin yanvar–may ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 faiz və 8,1 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 94 milyon ton yük daşınıb. Daşınmanın 3,6 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,2 faizi hava, 57,8 faizi avtomobil nəqliyyatı ilə reallaşıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 faiz artıb. Daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 faiz təşkil edib.

Bundan başqa, bu ilin yanvar–may aylarında nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 7,7 milyon ton yük, 3 milyon 268,8 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında isə 20,9 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 371 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 3,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib. 

Dəniz nəqliyyatı ilə bu ilin yanvar–may aylarında daşınan yüklərin həcmi 3 milyon 337,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb. Yüklərin 50  faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5 milyon 576,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 milyon 468  min tonunu və ya 80,1 faizini tranzit yüklər təşkil edib. 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 2 milyon 80,1 min ton olub. Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 10,9 min nəfər olub.

Avtomobil nəqliyyatı ilə 54,4 milyon ton yük, 702,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,7 faiz və 8,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 10,5 faiz, sərnişin dövriyyəsi isə 9,7 faiz artıb. 

Yuxarıda vurğulanan müsbət göstəricilər nəqliyyat sektorunda həyata keçirilən islahatların məntiqi nəticəsidir. Hazırda Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, bu sektorda da irihəcmli layihələr reallaşdırılır, respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesinə fəal şəkildə qoşulur, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Bütün bu tədbirlər isə yük daşımalarında yüksək göstəricilərin əldə edilməsi ilə nəticələnir.  

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, ölkəmizin beynəlxalq yükdaşımalarda fəaliyyəti genişlənib, beynəlxalq avtomobil daşımalarına cəlb edilən nəqliyyat vasitələrinin sayı kəskin artıb. Bu artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların işini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb. 

Əlbəttə, bu, Prezident İlham Əliyevin sözügedən sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Yeri gəlmişkən,  “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanunun icrası ilə əlaqədar imzaladığı 29 mart 2023-cü il tarixli Fərmanla beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində gömrük orqanları üzərinə düşən vəzifə ləğv olunub. Eyni zamanda beynəlxalq daşımalarla bağlı nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşdirilən dövlət rüsumu da aradan qaldırılıb. 

Beləliklə, beynəlxalq daşımaların iştirakçısı olan respublikamıza məxsus avtomobil daşıyıcılarının Azərbaycanın geniş nəqliyyat-logistika imkanlarından fəal və səmərəli istifadə üçün əlverişli şərait yaradılıb. Bu cür qayda beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payının artmasına və beynəlxalq səviyyədə rəqabətliliyin yüksəlməsinə münbit zəmin yaradıb. 

Göründüyü kimi, dövlətimizin başçısının yuxarıda adıçəkilən fərmanı  Azərbaycanın son illərdə beynəlxalq daşımalar üzrə əldə etdiyi nəticələrin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Elə hazırda ölkə sərhədlərini keçən avtomobillərin sayının getdikcə artması da bu sahədə böyük perspektivlər vəd edir.    

Azərbaycanın dünya standartlarına cavab verən magistral avtomobil və dəmir yolları, yol ötürücüləri və körpüləri beynəlxalq yük və sərnişin daşımaları üçün olduqca əlverişlidir. Ölkəmiz tarixi İpək Yolunun üzərində yerləşir, Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında səmərəli körpü rolunu oynayır və bütün bunlar respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərində yüksək uğurlar əldə etməsinə   əhəmiyyətli təsir göstərir. Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində deyib: “Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır…Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”.

Dövlətimizin başçısı tərəfindən  “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanunun icrası ilə əlaqədar 29 mart 2023-cü il tarixli fərman imzalaması da respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakını şərtləndirmək baxımından mühüm önəm daşıyır. 

Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Bakı–Tbilisi–Qars dəmir yolu istismara verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.  

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də  ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

İqtisadiyyat