Ələtdə yeni konteyner terminalı tikiləcək

post-img

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin məlumatına görə,  limanda konteyner terminalının tikintisi ilə bağlı layihə ekspertizaya verilib.

Məlumatda bildirilir ki, tezliklə konteyner terminalının tikintisinə başlanılacaq. Bu terminal Bakı limanı ilə Gürcüstan limanları arasında müəyyən olunmuş dövrlərdə konteyner daşınmasına imkan yaradacaq. İnfrastruktur, eyni zamanda, konteynerlərin sayının artmasına kömək edəcək. Daşıyıcılar da artıq yüklərinin çıxacağı zamanı biləcəklər. Bakı limanı ilə Poti limanı arasında reallaşacaq bu layihə beynəlxalq daşıyıcılar üçün zaman baxımından çox önəmlidir.

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.

Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il mayın 14-də açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.

İqtisadiyyat