Azərbaycanda iqtisadi artımın getdikcə yüksəlməsi, qeyri-neft sektorunda nəzərəçarpan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması investisiya qoyuluşuna ciddi töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ildə ölkə iqtisadiyyatına 6,7 milyard dollar birbaşa xarici investisiya yönəldilib ki, bu da son 5 il üzrə ən yüksək göstərici hesab olunur. Ötən il Azərbaycan iqtisadiyyatının aparıcı investorları Böyük Britaniya (1,9 milyard dollar), Türkiyə (1,3 milyard dollar), Kipr (792 milyon dollar), Rusiya (617 milyon dollar) və İran (396 milyon dollar) olub.
Bu sahədə müsbət tendensiya cari ilin ilk rübündə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatına, ümumilikdə, 3 milyard 809,2 milyon dollar vəsait qoyulub ki, bunun da 884,4 milyon dollarını xarici investisyalar təşkil edib. Ümumilikdə isə, son 30 il ərzində Azərbaycanda reallaşdırılan sosial-iqtisadi layihələrə 300 milyard dollara yaxın xarici investisiya yönəldilib.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu 2024-cü ilin hesabatında Azərbaycanı dünyanın ən böyük və qabaqcıl potensiala malik olan yeddi dövləti siyahısına daxil edib. Bu yaxınlarda isə nüfuzlu “Financial Times” nəşri Azərbaycanın paytaxtı ilə bağlı daha bir nikbin məlumat yayılıb. Belə ki, nəşrin “FDI Intelligence” hesabatında Bakı şəhəri dünyada ən populyar investisiya məkanı kimi qiymətləndirilib. Hesabatda 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin “TOP 100” reytinqinə görə Bakı 3-cü yerdə qərarlaşıb. Sənəddə qeyd olunur ki, Azərbaycanda birbaşa xarici investisiyalar üzrə 2023-cü ildə əldə edilmiş razılaşmalar 2017-ci ildən bəri ən yüksək göstəricidir.
Yeri gəlmişkən, bir qədər əvvəl sosial şəbəkə hesablarında bu barədə məlumat paylaşan iqtisadiyyat naziri Mikayıl Cabbarov xüsusi olaraq vurğulamışdı ki, bu yüksək nəticə Azərbaycandakı işgüzar mühitə beynəlxalq etimadın yüksək olduğunu bir daha təsdiq edir və fəal iqtisadi əməkdaşlıq üçün yeni stimullar yaradır.
Əslində Beynəlxalq Valyuta Fondu kimi mötəbər maliyyə qurumunun, eləcə də tanınmış nəşrin Azərbaycana, onun paytaxtına verdiyi yüksək qiymət gözlənilən idi. Çünki zəngin yeraltı və yerüstü sərvətlərə malik Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyin ilk illərində milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından bir sıra uğurlu islahatlar həyata keçirilib. Gənc Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirmək üçün bazar iqtisadiyyatına keçid prioritet istiqamət kimi seçilib, ölkədə əlverişli biznes mühiti formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalanan zaman səsləndirdiyi fikirlər ölkəmizin xarici investisiyalar üçün açıq olduğunu bütün dünyaya nümayiş etdirib. Ümummilli liderin “Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq” kəlamları əslində gələcək uğurlu investisiya əməkdaşlığı üçün bir çağırış olub. Məhz həmin çağırışın nəticəsi olaraq sonralar ölkəmizin neft-qaz yataqlarının xarici şikətlərlə birgə işlənməsinə dair çoxsaylı müqavilələr imzalanıb. Azərbaycanın iqtisadi müstəqilliyi üçün etibarlı baza rolunu oynayan həmin müqavilələrin uğurla nəticələri digər sahələrin də sürətli inkişaf yoluna qədəm qoyması üçün geniş imkanlar yaradıb.
Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi tarixi qərarlar, imzaladığı vacib sənədlər nəticəsində ölkəmizin dinamik inkişafı təmin olunub. Təsadüfi deyil ki, son illər dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, Azərbaycanın iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Bu baxımdan son 20 ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların yatırılması təqdir olunur.
Ötən il investisiya baxımından xüsusi əhəmiyyət daşıyan müqavilələr ölkəmizin qeyri-neft sektoruna önəmli töhfə kimi dəyərləndirilə bilər. Belə ki, Azərbaycan İnvestisiya Şirkəti ilə Macarıstanın “Hell Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon alüminium içki qutusu olan yeni zavod tikiləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac ediləcək. Azərbaycana əhəmiyyətli sərmayə qoyacaq daha bir iri layihə Sumqayıt Kimya Sənaye Parkında Çinin “BYD Company Limited” şirkəti ilə tərəfdaşlıq əsasında elektrik avtobuslarının istehsalı ilə bağlıdır. Artıq Çin şirkəti ilkin olaraq layihə üçün 34 milyon dollar ayırıb. Bundan əlavə, Türkiyənin “Gen İlaç ve Sağlık Urünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin iştirakı ilə Pirallahı Sənaye Parkında investisiya dəyəri 35 milyon ABŞ dolları olan layihə reallaşdırılıb. İsrailin “BioPharmax” şirkəti ilə əməkdaşlıq çərçivəsində isə Ələt Azad İqtisadi Zonasında dəyəri 45 milyon avro olan əczaçılıq zavodu tikilir.
Eyni zamanda, Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınan Azərbaycan son illər, həm də dünyanın elan etdiyi “yaşıl keçid” platformasının ən fəal iştirakçılarından birinə çevrilib. Məlum olduğu kimi, 2023-cü ilin oktyabrında 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasını istismara verən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə ölkədə ümumi gücü 4 qiqavat olan quruda külək və günəş layihələrinin, eləcə də inteqrasiya olunmuş dəniz külək və “yaşıl hidrogen” layihələrinin inkişafı üçün müqavilələr bağlanıb. “Masdar” və Azərbaycan hökuməti gələcəkdə müxtəlif texnologiyaları əhatə edən bərpaolunan enerji layihələrinin ümumi gücünü 10 qiqavata çatdırmaq variantı haqqında qarşılıqlı razılığa gəliblər. Bu ilin noyabrında şirkət Azərbaycanda ümumi dəyəri 1 milyard dolları ötəcək bir neçə bərpaolunan enerji layihələrinin icrasına başlayacaq.
Bundan əlavə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda ümumi sərmayəsi 286 milyon ABŞ dolları olan 240 meqavatlıq külək stansiyasını inşasını həyata keçirir. 2023-cü il oktyabrın 26-da Avropa Yenidənqurma və İnkişaf Bankı “ACWA Power Azerbaijan Renewable Energy” şirkətinə 197,1 milyon dollarlıq sindikatlaşdırılmış kredit təqdim edib. Eyni zamanda, ötən il dekabrın 15-də OPEK Fondu “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisinə dəstək məqsədilə Səudiyyə Ərəbistanı şirkətinə 50 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Bütün bunlar onu göstərir ki, ötən müddətdə bir sıra qlobal nəqliyyat və enerji layələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınan Azərbaycanın investisiya cəlbediciliyi getdikcə artır. Hazırda ölkədə reallaşdırılan mühüm nəqliyyat-logistika, eləcə də “yaşıl enerji” layihələri gələcəkdə investisiyaların cəlb edilməsi imkanlarının daha da genişlənməsinə səbəb olacaq.
Mirbağır YAQUBZADƏ
XQ