Energetika naziri və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı mətbuat üçün bəyanat yayıb

post-img

Həmsədrlər energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson mətbuat üçün bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində keçirilən tədbirdə 23 tərəfdaş hökumətin, 52 qurum və şirkətin nümayəndələri bir araya gəliblər. Görüşdə Avropa İttifaqı və Azərbaycanın əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatı, bərpa olunan enerji istehsalının stimullaşdırılması, enerji səmərəliliyi, hidrogen, metan emissiyalarının azaldılması və ətraf mühitin qorunması mövzularını əhatə edən energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinə mütləq şəkildə sadiq olduqları bir daha təsdiqlənib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər iclasında Azərbaycandan sabit və rəqabətcil enerji tədarükünü təmin edən etibarlı enerji ötürücü sistemi kimi CQD-nin mühüm rolu bir daha vurğulanıb və ardıcıl üçüncü ildir ki, uğurlu fəaliyyəti qeyd edilib. 2023-cü ildə Avropa İttifaqına Azərbaycandan təqribən 12 milyard kub metr təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri 45 faizdən çox artım deməkdir. Ümumilikdə, Azərbaycan 2023-cü ildə Aİ, Türkiyə, Gürcüstan və Serbiya bazarlarına təqribən 23,9 milyard kub metr təbii qaz ixrac edib.

İştirakçılar Azərbaycandan Avropa İttifaqına tədarük olunan qazın həcmini daha da artırmaq məqsədilə müvafiq infrastrukturu və qaz yataqlarını inkişaf etdirmək üçün görülən cari işləri müzakirə ediblər. Görüşdə “Həmrəylik halqası” təşəbbüsü, o cümlədən Bolqarıstan-Serbiya İnterkonnektorundan da bəhs olunub. İştirakçılar Trans-Balkan boru kəməri kimi mövcud ötürmə sistemlərinin tam istismara verilməsini və vahid Avropa bazarına tədarükün şaxələndirilməsi prosesini daha da sürətləndirəcək cari layihələrin yekunlaşdırılmasını təşviq ediblər.

Görüşdə həmçinin CQD-nin enerji keçidi prosesindəki rolu, Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı 2.0 kimi yerli və beynəlxalq təşəbbüs və standartlara uyğun olaraq metan emissiyalarını azaltmaq üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

Yaşıl Enerji Məşvərət Şurasının nazirlər iclasında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti tərəflər konfransına (COP29) ev sahibliyi münasibətilə təbrik edilib. İştirakçılar son hadisələri, o cümlədən enerji sistemindəki karbohidrogen yanacaqlardan digər yanacaq növlərinə nizamlı və bərabər formada keçidlə bağlı qlobal inventarlaşdırma (Stocktake) öhdəliklərini, elmin nailiyyətlərinə uyğun olaraq 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün bu kritik onillikdə görülən tədbirlərin sürətləndirilməsini, BMT-nin sonuncu İqlim Dəyişikliyi Konfransının nəticəsi olaraq 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması təşəbbüslərini müzakirə ediblər. Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanan "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" kimi strateji sənədlərin əhəmiyyətini təsdiq edən görüşdə tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlər Xəzər regionunun bərpa olunan enerji potensialının səfərbər edilməsində, o cümlədən enerjinin istehsalı və ötürülməsi imkanlarının genişləndirilməsində və hidrogen və digər bərpa olunan yanacaq növlərinin rolunun nəzərə alınmasında fəal rol oynamağı öhdələrinə götürüblər.

Anlaşma Memorandumunun səmərəli həyata keçirilməsi üçün həmsədrlər qarşıdakı dövrdə əməkdaşlığı müəyyən edəcək bir sıra tədbirlər və prioritet tapşırıqları razılaşdırıblar.

İclas enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzminin olduğunu göstərdi.

Cənub Qaz Dəhlizinin iclası çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq mövzusunda nazirlərin 6-cı iclası baş tutub. Sonda həmsədrlər (biz) Aİ və Azərbaycan tərəfləri arasında dənizdə külək enerjisinin inkişafına dair biznes və investisiya dəyirmi masasını çağırıblar.

Tərəflər Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə “WindEurope” Assossasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndiriblər.

İqtisadiyyat