Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2024-cü il 13 yanvar tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı bu önəmli sənəd COP29-un müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbir olduğundan, burada qlobal əhəmiyyətli məsələlərin müzakirə ediləcəyindən xəbər verir.
Ümumiyyətlə, COP29-la bağlı respublikamızdan böyük gözləntilər var. Ona görə də həm hazırlıq prosesinin, həm də tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Bax, elə bu baxımdan da Təşkilat Komitəsinin (TK) tərkibi bir qədər də genişləndirilib. Belə ki, faktiki olaraq TK-də gender balansı tam təmin olunub. Bu isə Azərbaycan Prezidentinin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətin göstəricisidir.
Bu sahədə dünyada vətəndaş cəmiyyəti çox fəaldır. Ona görə TK-yə vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib. COP29-da müzakirə olunacaq müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, TK-da iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. Bir sözlə, yuxarıda adı çəkilən sərəncamın əsas ideyası TK-nin maksimum inklüzivliyinin təmin edilməsidir.
Qeyd edək ki, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji” növlərinin yaradılmasını və “yaşıl enerji”nin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı isə həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə olan qlobal dəstəyi nəzərə çarpdırır.
Onu da xatırladaq ki, bərpaedilən və “yaşıl enerji” əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir, statistik göstəricilərə görə, ölkənin quruda külək və günəş enerjisinin həcmi 27 giqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir.
2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb.
Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a evsahibliyi etməyə tam layiqdir.
XQ