2023-cü ildə Azərbaycanda 380 min 476 hektar əkin sahəsi sığortalanıb ki, bu da əvvəlki illə müqayisədə 43 faiz çoxdur
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il bitkiçilik sahəsindən toplanmış sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və yaxud 48 faiz üstələyib. Nəticədə, fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.
Ötən il ölkədə buğda, arpa, pambıq və qarğıdalı əkilmiş sahələr daha çox sığortalanıb. Ümumilikdə isə, əkin sahələrinin sığortası üzrə sığorta müqavilələrinin sayı 47 minə yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 4 min müqavilə artıqdır.
2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə, 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib. Bunun da nəticəsində 3,9 milyon manat sığorta haqqı toplanıb. İl ərzində heyvanların sığortası üzrə sığorta təminatının məbləği isə 36 milyon manat təşkil edib.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir. Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.