XRİTDX rəis müavini: Vətəndaşlarımızın ümumi informasiya təhlükəsizliyi səviyyəsinin aşağı olması narahatlıq yaradır

post-img

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumları üçün informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ olaraq qiymətləndirir. Bu istiqamətdə sahə üzrə məsul qurum olaraq əlimizdən gələn dəstəyi bütün dövlət qurumlarına göstəririk. Bizim dövlət informasiya ehtiyatlarını audit etməkdə də məqsədimiz hansısa qurumlarda informasiya təhlükəsizliyi nöqsanlarını tapıb həmin qurumlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarını şübhə altına almaq yox, birgə fəaliyyətlə çatışzmazlıqları aradan qaldırmaq və təhlükəsizliyimizin təminatı üçün birgə işlər görməkdir.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini, general-mayor Allahverən İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantı”sında çıxışı zamanı deyib.

A.İsmayılov qeyd edib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl sektorda fəaliyyət göstərən informasiya infrastrukturunun, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

“Qeyd olunan strategiyada icraçı kimi müəyyən edilən qurumlar hər biri rəhbərlik səviyyəsində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında təmsil olunduğundan növbəti iclaslarda strategiyanın həyata keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran məsələlərin müzakirələri keçirələcək və effektiv tədbirlər görüləcək. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 26-27 oktyabr tarixlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “CİDC - 2023” tədbiri keçirilib. Ölkəmizdə ilk dəfə kibermüharibə yarışı, informasiya təhlükəsizliyi konfransı, kibertəhlükəsizlik həlləri sərgisi, ziyarətçilər üçün CTF yarışması və xüsusi təyinatlı təlimləri özündə birləşdirilərək “CIDC-2023” adıyla keçirilmiş bu tədbirdə 700-ə yaxın gənc iştirak edib. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkilərin operativ idarə edilməsinin texniki təminatını həll etmək məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müvafiq əmri ilə XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telekom LTD”, “Ultel” MMC və RİSK şirkətlərinin nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb”, - deyə general-mayor vurğulayıb.

Ölkəmizin sürətlə inkişaf etdiyini deyən Allahverən İsmayılov ölkəmizin etibarlı tərəfdaş kimi tanındığını bölgədə sabitləşdirici rol oynadığını bildirib: “Bununla yanaşı, cəmiyyətin və vətəndaşlarımızın ümumi baza informasiya təhlükəsizliyi səviyyəsinin aşağı olması narahatçılıq yaratmaqdadır. Bu hal təhlükəli olmaqla yanaşı, kiberrisklər və məlumat itkilərinə səbəb olur. Nəticədə bank kartı oğurluqları, saxta adlardan istifadə və sair bu kimi kiberinsidentlərin sayında ciddi artımlar müşahidə edilir. Kiberhücum vektorlarının analizi hakerlərin əsas hədəflərindən birinin məhz son istifadəçilər olması qənaətinə gəlməyə imkan verir. Bu da sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsinə ciddi ehtiyacın olduğunu göstərir. Belə ki, günümüzdə bir çox kiberhücumların, eləcə də adi gündəlik dələduzluq hallarının məhz insanları - son istifadəçiləri hədəf almasını görürük. Sistemlərə edilən kiberhücumlar hakerlərdən daha böyük enerji, bilik və resurs tələb etdiyindən istifadəçiləri hədəf almaq kütləvilik baxımından daha az maddiyyat tələb edir, mürəkkəblik baxımından isə hakerlər üçün daha asan başa gəlir. Bu baxımdan informasiya təhlükəsizliyinin təmini məqsədi ilə yeni nəsil texnologiyaların tətbiqi kifayət etmir. Bu prosesdə ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, sahə üzrə potensialın gücləndirilməsi, institusional bazanın inkişaf etdirilməsi, normativ bazanın təkmilləşdirilməsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, düzgün mühafizə və müdafiə mexanizmlərinin qurulması qarşımızda duran əsas vəzifələrdəndir".

İqtisadiyyat