Avropa İttifaqı Ukraynaya 50 milyard avro ayırıb

post-img

Avropa İttifaqı Ukraynaya öz büdcəsindən 50 milyard avro məbləğində əlavə dəstək paketi barədə razılığa gəlib. Bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel X sosial şəbəkəsində məlumat verib. Xəbəri “Anadolu” yayıb.

“Biz razılığa gəlmişik. 27 liderin hamısı Aİ büdcəsinin bir hissəsi kimi Ukraynaya 50 milyard avro məbləğində əlavə dəstək paketi barədə razılığa gəlib. Bu, Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşməni təmin edir”, - o qeyd edib.

Mişel vurğulayıb ki, Aİ Ukraynanı dəstəkləməkdə liderlik və məsuliyyət daşıyır: “Biz təhlükənin nə olduğunu bilirik”.

Ukrayna Prezidenti Vladimir Zelenski, öz növbəsində, Şarl Mişel və Aİ liderlərinə “Ukrayna üçün 2024-2027-ci illər üçün 50 milyard avroya qədər məbləğdə maliyyə aləti, Ukrayna Mexanizmi yaratdıqlarına görə” təşəkkür edib.

Zelenski deyib: “Qərarın bütün 27 lider tərəfindən qəbul edilməsi çox vacibdir. Bu, Avropa İttifaqının güclü birliyini bir daha sübut edir. Aİ-nin Ukraynaya davamlı maliyyə dəstəyi bizim uzunmüddətli iqtisadi və maliyyə sabitliyimizi gücləndirəcək ki, bu da Rusiyaya hərbi yardım və sanksiya təzyiqindən az əhəmiyyət kəsb etmir”.

P.ƏMİRCANOV
XQ

Dünya