Birləşmiş Ərəb Əmirlikləri ölkəmizin Şərqdə mötəbər tərəfdaşıdır

post-img

Son illərdə münasibətlər daha da genişlənir, əlaqələr möhkəmlənir

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrinin möhkəmlənməsində önəmli rol oynayan məqamlara nəzər salanda ilk diqqəti çəkən 1991-ci il dekabrın 26-da bu dövlətin ölkəmizin müstəqilliyini tanıması və 1992-ci il sentyabrın 1-də tərəflər arasında diplomatik əlaqələrin yaradılmasdır.

Ötən dövr ərzində ökələrimiz ara­sında siyasi sahədə olduğu kimi, iqtisa­di əlaqələr də yüksək səviyyədə inkişaf edib. Azərbaycanın BƏƏ ilə iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə fəaliyyəti səmərəliliyi ilə diqqət çəkib. Hər iki ölkənin birgə hökumət komissi­yasının indiyədək keçirilən iclaslarında qəbul edilən qərarların icrası nəticəsin­də tərəflər arasında investisiya, ticarət, “yaşıl enerji”, kənd təsərrüfatı, qida təh­lükəsizliyi, innovasiya, logistika sahələ­rində əməkdaşlıq yeni inkişaf mərhələ­sinə daxil olub, habelə biznes strukturları arasnda tərəfdaşlıq genişlənib və qarşı­lıqlı investisiya qoyuluşu sürətlənib. 

Yeri gəlmişkən, 2017-ci ildə Dubayda ölkəmizin Ticarət nümayəndəliyi fəaliy­yətə başlayıb. Bundan iki il sonra isə bu şəhərdə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendini bazarlarda daha çox tanıtmaq üçün “Azərbaycan ticarət evi” açılıb. 

Xatırladaq ki, 2021-ci il aprelin 6-da Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Mas­dar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşul­ma ilə bağlı müqavilələr imzalanıb. Bu müqavilələr əsasında qurulan əməkdaş­lıq çərçivəsində 2022-ci il martın 15-də “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının–Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. 

Ötən ilin oktyabrında istifadəyə ve­rilən həmin stansiyanın açılış mərasi­mində çıxışı zamanı dost Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyəsini bir daha vurğulayan dövlətimizin başçısı deyib: “Bizim ikitərəf­li münasibətlərimiz çox yüksək səviyyə­dədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsin­də çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var”.

Hazırda iki ölkə arasında işgüzar əlaqələr genişləndirilir, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi istiqamə­tində işlər sürətlə davam etdirilir. Azər­baycan ilə BƏƏ arasında ticarət dövriy­yəsi həcminin davamlı artımı müşahidə olunur. Respublikamızda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət xarakterli 350-dən çox BƏƏ in­vestisiyalı kommersiya qurum fəaliyyət göstərir. 

Enerji sektoru ilə bağlı məsələyə gəldikdə isə vurğulayaq ki, 2021-ci ilin aprel ayında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə BƏƏ-nin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələr imzalanaraq, həmin sənəd­lərin icrasının həyata keçirilməsinə baş­lanılıb. Xatırladaq ki, ilkin hesablamalara əsasən, sözügedən stansiyada il ərzində 500 milyon kVt/st elektrik enerjisinin is­tehsal olunacağı proqnozlaşdırılıb. Belə bir proqnozun gerçəkləşəcəyi təqdirdə isə ildə 110 milyon kubmet təbii qaza qə­naət ediləcəyi, 200 min tondan artıq kar­bon emissiyasının atmosferə atılmasının qarşısını alınacağı və 110 min evin elekt­rik enerjisi ilə təmin olunacağı nəzərdə tutulub. Beləliklə, ümumi dəyəri, təqri­bən, 200 milyon dollar təşkil edən layihə­nin tam olaraq xarici investisiya hesabına icrası planlaşdırılıb.

Emin BAĞIROV,
ETN-nin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru 

Birləşmiş Ərəb Əmirlikləri respub­likamızla birgə elektrik enerjisi layihə­sinin reallaşdırılmasına mühüm önəm verir. 2021-ci ilin aprel ayında Energe­tika Nazirliyi və “Azərenerji” ASC ilə bu ölkənin BƏƏ-nin “Masdar” şirkəti ara­sında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqa­viləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin imzalanması da bunun bariz ifadəsidir. Xatırladım ki, ilkin he­sablamalara əsasən, stansiya tərəfin­dən illik 500 milyon kVt/st elektrik ener­jisi istehsal olunacağı nəzərdə tutulur. 

Azərbaycanın əzəli-əbədi ərazisi olan Qarabağ və Şərqi Zəngəzur iqti­sadi rayonları işğaldan azad edildikdən sonra bu torpaqlardakı yaşayış sahələ­rində genişmiqyaslı bərpa və quruculuq işləri aparılmasında dost BƏƏ şirkətlə­rinin də iştirakı dəstəklənib. Ələt Azad İqtisadi Zonasında həyata keçiriliəcək layihələrin icrası da bu ölkənin biznes dairələrinin diqqətini çəkib. 

Yeri gəlmişkən, BƏƏ-nin “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti, Zayed bin Sul­tan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumları tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soy­daşlarımıza müntəzəm olaraq humani­tar yardımlar göstərilib.

Yeri gəlmişkən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında BƏƏ-nin “SENSEMI DMCC” şirkə­ti qeydiyyata alınıb. BƏƏ kapitallı bu şirkətin Azərbaycandakı nümayəndəliyi tərəfindən adıçəkilən parkın 1 hektar ərazisində elektrik avtomat və sayğac istehsalını həyata keçirəcək müəssisə­nin inşası nəzərdə tutulub. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan zavodda 83 nəfərin daimi işlə təmin ediləcəyi, burada buraxılan məhsulla­rın daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılıb. 

Prezident İlham Əliyevin 2016-cı il fevral ayında BƏƏ-yə reallaşan səfə­ri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklə­ri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Na­zirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tən­zimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunika­siya texnologiyaları sahəsində əmək­daşlıq haqqında Anlaşma Memoran­dumu” imzalanıb. Ötən müddətdə bu məsələlərlə əlaqədar önəmli layihələr həyata keçirilib. 

Yanvarın 9-da Birləşmiş Ərəb Əmir­liklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın respublikamı­za rəsmi səfəri zamanı Azərbaycan və BƏƏ arasında enerji tərəfdaşlığını gücləndirən sənədlərin imzalanma­sı ilə tərəflərin münasibərlərində yeni mərhələ başlanıb. “Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi və Azərbaycan Respublikasının Energe­tika Nazirliyi arasında elektrik enerji­sinin ötürülməsi layihələri üzrə İnves­tisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 qiqavat gücün­də günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)”, həmçinin SOCAR və ADNOC arasında Strateji Əməkdaşlıq Sazişi enerji tərəf­daşlığını daha da gücləndirmək üçün əlverişli zəmin yaradıb. 

Xatırladım ki, adıçəkilən Anlaşma Memorandumu enerji sektorunda, xü­susilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkə­nin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutur. Strateji əməkdaşlıq sənədi isə quruda 2 qiqa­vat günəş, 2 qiqavat külək, dənizdə 6 qiqavat külək enerjisi layihələri ilə ya­naşı, damüstü günəş enerjisi layihələ­ri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı və “yaşıl enerji”­nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir. “Azərbay­canda quruda quraşdırılacaq 1 qiqavat gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xə­ritəsi)” 2 günəş və 1 külək enerjisi la­yihələrinin 2024-2027-ci illər üzrə icra tədbirlərini əks etdirir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat