Yeni layihələr Azərbaycanın tranzit potensialını müasirləşdirir

post-img

Bu il ərazidə 256 min 653 daşıma həyata keçirilib 

Bu gün Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesinə fəal şəkildə qoşulur, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Bütün bu tədbirlər isə yük daşımalarında yüksək göstəricilərin əldə edilməsi ilə nəticələnir. 

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə həyata keçirilən tədbirlər sayəsində Azərbay­can daşıyıcılarının bazar payı son illər ərzində da­vamlı olaraq artıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2022-ci ildə Azər­baycan və digər xarici ölkə daşıyıcıları tərəfindən 221 min 841 ikitərəfli daşıma həyata keçirilib. Bu daşımaların 101 min 843-ü Azərbaycan daşıyıcıla­rı tərəfindən yerinə yetirilib ki, bu da ümumi daşı­maların 45,91 faizini təşkil edib.

Cari ildə isə Azərbaycan və digər xarici ölkə da­şıyıcıları tərəfindən, ümumilikdə, 256 min 653 da­şıma həyata keçirilib. Bu daşımaların 135 min 441-i Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib ki, bu da ümumi daşımaların 52,77 faizini təşkil edib. 2023-cü ilin 9 ayı üzrə avtomobil nəqliyyatı xidmətlərinin ixracının ölkənin qeyri-neft ixracına nisbəti 8,9 faizə çatıb.

Ölkəmizin beynəlxalq avto­mobil daşımaları bazarının bö­yüməsi isə milli daşıyıcıların yeni istiqamətlərdə beynəlxalq yük daşımaları həyata keçirmələri ilə bağlıdır. Məsələn, Azərbaycan daşıyıcıları tərəfindən hazırda Monqolustan və İraq kimi ölkələrə də beynəlxalq yükdaşımaları fəa­liyyəti göstərilr. Bu daşımalarda iştirak edən yük avtomobillərinin sayında ciddi artım müşahidə olu­nur. Belə ki, beynəlxalq daşıma­larda iştirak edən yük avtomobil­lərinin sayı 2021-ci ildə 3 min 432, 2022-ci ildə 9 min 225 və 2023-cü ildə 12 min 593 ədəd təşkil edir.

Azərbaycan Yerüstü Nəqliy­yat Agentliyinin (AYNA) cari ilin 6 ayının yekunlarına dair statistik məlumatlarına əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşı­malarında bir sıra göstəricilər üzrə davamlı artım müşahidə olunur. Agentliyin məlumatında bildirilir ki, 2022-ci ilin müvafiq dövrü ilə 2023-cü ilin yanvar–iyun aylarının göstə­ricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndiyini, daşıyıcıla­rın sayının, eləcə də Azərbaycan daşıyıcılarının bazar paylarının daha da artdığını göstərir.

Nəqliyyat vasitələrinin sayın­da artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyya­ta alınması, fəaliyyəti olmayan daşıyıcıların işini bərpa etməsi, bəzilərinin daxili bazardan bey­nəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin he­sabına yaranıb. 

3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamika­sı nəzərə çarpıb. Belə ki, 2023-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata ke­çirilən 3-cü ölkə daşımaları 2 dəfə yüksəlib. 2023-cü ilin yanvar–iyun aylarında 25 min 318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. Bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 min 592 ədəd artıq olub.

Statistik göstəricilərlə ifadə olunan bütün bu uğurlar təsadüfi xarakter daşımır. Bu, Prezident İlham Əliyevin bu sahəyə göstər­diyi diqqətin bariz nümunəsidir. Yeri gəlmişkən, “Azərbaycan Res­publikasının Gömrük Məcəlləsin­də dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qa­nunun icrası ilə əlaqədar imza­ladığı 29 mart 2023-cü il tarixli Fərmanla beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəq­liyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində gömrük orqanları üzərinə düşən vəzifə ləğv olunub. Eyni zaman­da, beynəlxalq daşımalarla bağlı nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşdirilən dövlət rüsumu da aradan qaldırılıb. 

Beləliklə, beynəlxalq daşı­maların iştirakçısı olan respub­likamıza məxsus avtomobil da­şıyıcılarının Azərbaycanın geniş nəqliyyat-logistika imkanlarından fəal və səmərəli istifadəyə əlve­rişli şərait yaradılıb. Bu cür qayda beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payının artması­na və beynəlxalq səviyyədə rəqa­bətliliyin yüksəlməsinə münbit zə­min yaradıb. 

Göründüyü kimi, dövlətimizin başçısının yuxarıda adıçəkilən fərmanı Azərbaycanın son illərdə beynəlxalq daşımalar üzrə əldə etdiyi nəticələrin daha da yaxşı­laşdırılması məqsədi daşıyır. Elə hazırda ölkə sərhədlərini keçən avtomobillərin sayının getdik­cə artması da bu sahədə böyük perspektivlər vəd edir. 

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həm ölkəmiz, həm də ayrı-ayrı döv­lətlər tərəfindən beynəlxalq nəqliyyat dəhlizlərində yükda­şımalarının artırılması üçün Azərbaycanın tranzit imkanla­rını genişləndirmək məqsədilə genişmiqyaslı layihələr reallaş­dırılır. Buna görə də beynəlxalq standartlarına cavab verən ma­gistral avtomobil, dəmir yolları, dəniz nəqliyyatı, yol ötürücüləri və körpüləri beynəlxalq yük və sərnişin daşımaları üçün olduq­ca əlverişlidir. 

Ölkəmiz tarixi İpək yolunun üzərində yerləşir, Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasın­da səmərəli körpü rolunu oy­nayır və bütün bunlar respub­likamızın beynəlxalq nəqliyyat dəhlizlərində yüksək uğurlar əldə etməsinə əhəmiyyətli tə­sir göstərir. Dövlətimizin baş­çısı bununla bağlı çıxışlarının birində deyib: “Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşmə­yimiz bizim üçün çoxlu imkanlar yaradır. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”.

Yeri gəlmişkən, ölkəmizin son illərdə beynəlxalq daşı­malar üzrə əldə etdiyi yüksək nəticələrin yaxşılaşdırılmasını şərtləndirən bir neçə məqamı diqqətə çatdırmaq istərdim. Bununla bağlı əvvəlcə onu de­yim ki, təkcə son 20 ildə Azər­baycanda 20 min kilometrdən çox avtomobil yolu və 1500 kilometrə yaxın dəmir yolu yeni tikilib və ya əsaslı təmir olu­nub. TRASEKA, Şimal–Cənub kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirilib. Avropa və Asi­ya dəmir yolu şəbəkələrinin bir­ləşdirilməsini təmin edən Bakı–Tbilisi–Qars dəmir yolu 2017-ci ildə istismara buraxılıb. 

Regionun müasir və təh­lükəsiz limanı hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı 2018-ci ildə istifadəyə verilib. Liman infrastrukturu üzrə logistika yaxşılaşdırılıb, limanlarda tranzit yükdaşıması üstünlüyünə nail olunub. Müa­sir tələblərə cavab verən və 2013-cü ildə istifadəyə verilmiş Bakı Gəmiqayırma Zavodu isə ən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri sahəsində fəaliy­yətini gücləndirib. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat