Aqrar sahə fəlakət və ziyandan etibarlı sığortalanıb

post-img

Yığım və ödəniş bu il 2 dəfə çoxdur

Bu il ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb. Aqrar Sığorta Fondu ötən müddətdə bununla bağlı ödənişlərin həyata keçirlməsini davam etdirib. Bu barədə media nümayəndələrinə Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov məlumat verib. 

Fond rəhbəri ölkəmizdə aqrar sığorta hadisələrinin əsas səbəblərini də açıq­layıb. Bildirib ki, aqrar sektorda sığorta hadisələrinin 47 faizi güclü külək, fırtına, qasırğa, 21 faizi leysan, sel, daşqın, 11 faizi isə dolu ilə müşahidə edilən təbiət hadisələri nəticəsində baş verir. Zərər ödənişlərinin böyük hissəsinin taxıl sahələrinə aid olduğunu diqqətə çat­dıran F.Sadıqovun sözlərinə görə, bu, fondun sığorta portfelinin 80 faizinin hə­min sahələrin hesabına formalaşması ilə bağlıdır. Belə ki, ölkəmizin 1,7 milyon hektar əkin ərazisinin 1 milyon hektarın­dan taxıl istehsalı üçün istifadə edilir. 

İdarə heyətinin sədri bildirib ki, cari ilin ötən dövründə qeydə alınan sığor­ta hadisələri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çox olub. Bu da sı­ğorta hadisələrindən zərər çəkmiş kənd təsərrüfatı məhsullarının istehsalçılarına 4 milyon manat ödənişin edilməsi ilə nə­ticələnib. Ötən il isə bu rəqəm 2,7 milyon manat təşkil edib. Onun dediyinə görə, bu il təbiət hadisələrindən ziyana düşən fermerlərə sığorta pullarının verilməsi növbəti ilin əvvəlində də davam etdirilə­cək: “Yetər ki, bütün sənədlər bizə vax­tında təqdim edilsin. Bu il baş vermiş sı­ğorta hadisələri üzrə ümumi ödənişin 6-7 milyon manat civarında olacağı gözlənilir. Fondun qeydə aldığı sığorta hadisələri lokal xarakter daşımır. Hadisələr ölkənin bütün ərazisini əhatə edib və müxtəlif dövrlərdə olub. Məsələn, bu ilin əvvə­lində Qobustan, Şəki, Zaqatalada güclü küləklər, may ayında Aran bölgəsində, Goranboyda, eləcə də Cənub bölgəsində güclü leysan və daşqınlar baş verib”. 

Bu il sığorta hadisəsi olan 100 isteh­salçıdan 75-nə ödəniş edildiyini deyən F.Sadıqov qeyd edib ki, fermerlərin 15 faizi özü, 10 faiz halda isə fond sığorta ödənişindən imtina edib. O bunu sığorta təminatı elmində olmayan risklər hesabı­na zərərlərin yaranması ilə əlaqələndirib. Bununla belə, hazırda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsul­larının cəmi 10 faizi sığorta olunur. Fond rəhbəri hesab edir ki, 90 faizlik istehsal həcmi sığortalanmasa da, ölkədə aqrar sığorta sisteminin yeni olmasına rəğmən, nəticələr hər il müsbətə doğru dəyişir. Belə ki, ötən il fondun sığorta yığımları 15 milyon manat olub, bu il isə həmin rəqəmin 20 faiz artması gözlənilir. Fon­dun zərər ödənişi 2021-ci ildə 2 milyon manat, 2022-ci ildə 3 milyon manat təş­kil edib, 2023-cü ildə isə 5 milyon manat olacaq.

Bu arada, Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması ilə bağlı müraciətlərin emal müddəti yanvarın 15-nə qədər uzadılıb. Aqrar Sığorta Fon­dunun məlumatına görə, əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlər göndəriləcək və onlar əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər. Yanvarın 15-nə qədər göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi müm­kün olacaq.

Yeri gəlmişkən, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta vasitəsilə əkin sahələrini, kənd təsərrü­fatı heyvanlarını və balıqçılıq təsərrüfat­larını sığortalamaq mümkündür. Aqrar sığorta çərçivəsində heyvanlar yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakət, yanğın, üçün­cü şəxslərin hərəkətləri ilə yanaşı, vəhşi heyvanların hücumundan da sığortalanır.

Artıq ölkəmizdə vəhşi heyvanların hü­cumu nəticəsində dəyən zərərə görə də fermerlərə ödənişlər edilir. Aqrar Sığorta Fondunun məlumatına görə, indiyədək sığortalanan təsərrüfatlarda vəhşi hey­vanların hücumu nəticəsində 14 hadisə qeydə alınıb. Belə hallar isə Hacıqabul, Zəngilan və Laçın rayonlarındakı təsərrü­fatlarda baş verib. Bəzi hadisələrə görə ödənişlər edilib, digər hadisələr üzrə isə ödənişlərin həyata keçirilməsi üzrə zə­ruri sənədlər toplanılır. Bütövlükdə isə, 2023-cü ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı heyvanlarının tələf olması üzrə fermer və təsərrüfatlara 624 min manat sığorta ödənişi həyata keçirilib. 

Aftandil HACIYEV,
sabiq sığorta işçisi

Ölkəmizdə sığorta bazarının inki­şaf etdirilməsi Azərbaycan hökumə­tinin daim diqqətində olub. Sığorta iqtisadiyyatın inkişafı üçün çox vacib bir mexanizm, təkrar istehsalın təşkili üçün ən mühüm sahədir. Onu da qeyd edim ki, hazırda respublikamızda qey­ri-neft sektoruna, xüsusən də aqrar sahəyə güclü dövlət dəstəyi mövcud­dur. Məlum olduğu kimi, aqrar sektor təbii fəlakətlərin təsirinə ən çox məruz qalan sahələrdən biridir. Yəni, təbii fə­lakətlərdən kənd təsərrüfatı məhsulla­rının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə külli məbləğdə ziyan dəyir. Bu ziyanın ödənilməsinə təminat yaratmaq məqsədilə ölkə Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il ta­rixli fərmanı ilə “Aqrar sığorta haqqın­da” Qanun qəbul edilib. Həmin qanun təbii fəlakətlərdən kənd təsərrüfatına dəyən zərərin ödənilməsinə təminat yaradır. 

Ölkəmizdə hər il dövlət büdcə­sindən sığorta haqlarının ödənilməsi üçün təqribi hesablanmış sığorta haq­larının 50 faizi qədər vəsait ayrılır. Qa­lan 50 faiz isə sahibkarlardan toplan­mış sığorta haqları hesabına ödənilir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək diqqət və tə­minatdır. Bütün təbii fəlakətlərdən: sel, daşqın, donvurma, dolu, güclü külək, yanğın və digər təbii fəlakətlərdən dəyən ziyanın Aqrar Sığorta Fondu tərəfindən ödənilməsi üçün sahibkarlar mütləq şəkildə qanunvericiliyə uyğun olaraq təsərrüfatları haqqında vaxtında məlumat verməli, müraciət etməli və əkin sahələrini sığorta etdirməlidirlər. Təəssüf ki, bəzi sahibkarlar sığortaya etinasız münasibət bəsləyir, “heç bir şey baş verməz” düşüncəsi ilə sığorta müqaviləsi imzalamaqdan boyun qaçı­rırlar. Lakin təbiət hadisələri baş ver­dikdə onlara məxsus kənd təsərrüfatı bitkilərinə, heyvanlarına, əsas vəsait­lərinə, eləcə də daşınmaz əmlaklarına külli məbləğdə ziyan dəyir. Bu ziyanın qarşılanmasının ən düzgün, doğru yolu isə sığorta olunmaqdır. Bununla onlar özlərinə yüksək təminat yaratmış olurlar. 

Dövlət də fermerlərə kənd təsərrü­fatı məhsullarının istehsalına görə lazı­mi dəstək göstərir, sığorta hadisələrin­dən dəyən ziyanın tən yarısını büdcə vəsaitləri hesabına ödənilməsini öz üzərinə götürür. Bu da ölkəmizdə sahi­bkarlara göstərilən diqqət və qayğının təzahürüdür. Hesab edirəm ki, sahib­karlar Aqrar Sığorta Fondunun yarat­dığı şəraitdən, onlara verilən bu imti­yazlardan lazımınca yararlanıb əkin sahələrinin, payızlıq buğdanın, yazlıq əkinlərin, mal-qaranın sığorta olunma­sına çalışmalıdırlar. 

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat