İqtisadiyyatda sabit artım davam edəcək

post-img

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti bu yaxınlarda 2023-cü il IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində Azərbaycanın iqtisadi mənzərəsinin hərtərəfli icmalını təqdim edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bu hesabatda Azərbaycan iqtisadiyyatı ilə bağlı bir sıra nikbin proqnozların verildiyini bildirib. O, hesabata əsaslanaraq vurğulayıb ki, 2022-ci ildə qeyri-neft sektorundakı 9,1 faizlik artım, xüsusən də intensiv bərpa-quruculuq işləri, ­tikinti və nəqliyyat sektorlarındakı inkişaf real ÜDM-ni 4,6 faiz yüksəltməklə, ölkənin qlobal iqtisadiyyata uyğunlaşma qabiliyyətini və iqtisadi bazasını diversifikasiya etmək gücünü əks etdirir. 

Hesabatda BVF-nin əməkdaşları 2024-cü il büdcəsində nəzərdə tutulan mülayim xərc artımına uyğun olaraq, 2024-cü ildə qeyri-neft üzrə ilkin kəsirin qeyri-neft ÜDM-nin təxminən 2 faizi qədər azaldılmasını proqnozlaşdırmaqla bərabər, ortamüddətli xərclər çərçivəsində dövlətin qarşıya qoyduğu 2028–ci ilə qədər bu kəsirin 15 faizə qədər endirilməsi hədəfinə nail olunmasını da real görürlər.

Qeyd edək ki, BVF-nin 2028-ci ilə qədər olan dövr üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozları da müsbətdir. Verilən proqnozlar onu deməyə əsas verir ki, növbəti 5 ildə də ölkə iqtisadiyyatında davamlı sabit artım davam edəcək.

XQ

 

İqtisadiyyat