Bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizdə Azərbaycandan tranzit keçməklə Qərb-Şərq istiqamətində konteyner daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib ki, Macarıstanın paytaxtı Budapeştdə “Avropa İpək Yolu Sammiti”ndə iştirak edən “ADY Konteyner”nin nümayəndəsi Rəşad Məcidov tədbirdə ölkəmizin Orta Dəhlizdəki əhəmiyyəti, dəhlizin funksionallığının, rəqabətliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, sammitdə Avrasiya məkanındakı hazırkı geosiyasi durumda Orta Dəhlizin digər alternativ marşrutlara nisbətən üstünlükləri və dəhliz üzrə kompleks logistik həllər müzakirə olunub. Həmçinin, bu marşrutun Çin, Mərkəzi Asiya, Azərbaycan və Avropa ölkələri arasında ticarət dövriyyəsinin artmasında xüsusi rolu vurğulanıb.
XQ