Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində 3 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində görülən işlər, həyata keçirilən proqramlardan ətraflı bəhs edib.
Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın ekoloji fəaliyyətinə, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə əlaqədar hədəflərinə dair məlumat verib. SOCAR-ın prezidenti hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “Sıfır metan”, 2050-ci ilə qədər “Xalis sıfır” (Net Zero) hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib. Rövşən Nəcəf bu addımların SOCAR-ın korporativ sosial məsuliyyəti ilə yanaşı, ətraf mühitin mühafizəsi baxımından nümunəvi enerji şirkətinə çevrilməsi istiqamətində atıldığını vurğulayıb.
Tədbir zamanı SOCAR-da ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, həyata keçirilən layihələr, qeyd olunan hədəflər və onlara çatmaq üçün gələcək addımlar, neft-qaz əməliyyatlarında yaşıl enerjinin tətbiqi, dekarbonizasiya və enerji keçidi sahəsində strateji məqsədlərə dair ətraflı təqdimat keçirilib.
Həmin gün, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyasının həyata keçirilməsinə dair tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, daha sonra isə SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış ediblər.
Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri haqqında məlumat verilib, bu ərazilərdə yaşıl enerji, yaşıl kənd təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.
Daha sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” potensialı, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək hədəflər barədə təqdimat edilib.