Avropa Bankı indiyədək Azərbaycana 3,7 milyard avro kredit ayırıb

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yaydığı məlumata əsasən, bu beynəxalq maliyyə qurumunun respublikamızdakı aktiv portfelinin həcmi cari ilin oktyabrın 31-nə 948 milyon avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 16,5 faiz və ya 134 milyon avro çoxdur. Reallaşdırılan aktiv layihələrin sayı isə 31-dir. 

Qeyd olunub ki, portfelin 90 faizini (855 milyon avro) dayanıqlı infrastruktura yatırımlar, 7 faizini (66 milyon avro) səna­ye, ticarət və aqrobiznes investisiyaları, 3 faizini (28 milyon avro) isə maliyyə ins­titutlarına yatırımlar təşkil edir. Beləliklə, EBRD bugünədək Azərbaycana 189 la­yihə çərçivəsində 3 milyard 751 milyon avro həcmində investisiya yatırıb və sö­zügedən həcmin 83,5 faizi (3 milyard 133 milyon avro) borc götürənlər tərəfindən artıq ödənilib. Ümumi investisiyaların 26 faizi isə özəl sektorun payına düşüb.

EBRD ölkəmizdə ən çox krediti enerji sahəsinə yönəldib. “Cənub Qaz Dəhlizi” QSC-yə 500 milyon ABŞ dollarınadək kredit ayırıb. Bu kredit TANAP layihə­si üçün öhdəliklərin maliyyələşdrilməsi üçün nəzərdə tutulub. Bank texniki yar­dımı ilə bərpaolunan enerji üzrə hərrac­ların keçirilməsinə dair dəstək layihəsinin həyata keçirilməsinə də xüsusi əhəmiy­yət verib. Bütün bunlar deməyə əsas ve­rir ki, EBRD Qafqaz regionunda mühüm institusional investorudur. Hazırda bank Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox investisiya qoyub və əsas diqqəti ölkə iqtisadiyyatının diversifikasi­yasına yardım göstərməyə yönəldib.

Beynəlxalq maliyyə qurumunun res­publikamızla əməkdaşlığında əsas is­tiqamətlərdən biri də bərpaolunan enerji layihələrinin həyata keçirilməsidir. Bank tərəfindən aparılan tədqiqatlar da bu sahəyə marağı gücləndirir. Belə ki, ma­liyyə qurumunun araşdırmalarında res­publikamızda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olması öz təsdiqini tapır. Bununla bağlı EBRD-nin dəstəyi ilə Niderlandın tanın­mış “Advision” şirkətinin Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də mühüm önəm daşıyır. Başqa sözlə, adıçəkilən şirkətin hesa­batında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alır.

Bank son illərdə bərpaolunan enerji layihələrinə daha çox diqqət yetirib. Belə ki, maliyyə qurumu təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro investisiya qoyub ki, həmin sərmayələrin 71 faizi “yaşıl iqtisadiyyat”ın inkişafına, bərpaolunan enerji mənbələrinə yönəlib. 

Xatırladaq ki, bu maliyyə qurumu respublikamızın şərqində 240 meqavatt gücündə külək enerjisi stansiyasının ti­kintisini maliyyələşdirir. Bu, külək enerjisi sahəsində ölkədə ilk təşəbbüs olmaq­la Qafqazda bu cür ən böyük layihədir. Stansiya istismara verildikdən sonra ildə 893 qiqavatt-saatadək xalis elektrik ener­jisinin hasil olunacağı gözlənilir.

EBRD 2022-ci lin dekabr ayında Azərbaycanla birgə imzaladığı Anlaşma Memorandumu ilə təsdiqlənən investisi­yalar, eləcə də texniki əməkdaşlıq və si­yasi dialoq vasitəsilə “yaşıl proqram”ın həyata keçirilməsini qarşıya mühüm və­zifə kimi qoyub.

Nüfuzlu maliyyə qurumunun ölkəmizə belə ciddi maraq göstərməsi bir sıra amil­lərlə əlaqədardır. Əvvəla respublikamızın əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrastruktura malik olması bu baxımdan diqqət çəkir. Belə bir əlverişli şərait səbəbindən mühüm nəqliyyat dəh­lizlərinin qovşağında yerləşən Azərbay­canla əməkdaşlıq etməyə calışan bey­nəlxalq maliyyə qurumlarının və dünya ölkələrinin sayı da ilbəil artır. EBRD-nin respublikamızla yükdaşımalar sahəsində sıx əməkdaşlıq qurmasını da məhz bu məqam şərtləndirir. Bankla Azərbaycan İnvestisiya Holdinqi arasında razılıq əldə edilməsi–niyyət sənədi imzalanması da bu məsələdən qaynaqlanır. 

EBRD-nin ölkəmizlə sıx əməkdaş­lığına əsaslanıb deyə bilərik ki, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi si­yasətin nəticəsi olan əlverişli investisiya mühiti öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, ölkəmizə investisiya yatıran şirkətlərin sayı da getdikcə artır, investor­ların coğrafiyası genişlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1995–2022-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 323 milyard 104 milyon dollar investisiya qoyulub ki, onun da 50,5 faizi və ya 163 milyard 222 milyon dolları xarici investi­siyalar olub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına görə, Azərbay­can iqtisadiyyatının qeyri-neft sektoru­na son 5 ildə cəlb olunan birbaşa xarici investisiyaların həcmi 5 milyard dolları ötüb. Məlumatda, həmçinin qeyd edilir ki, Covid-19 pandemiyasının yumlaşmasın­dan sonra birbaşa xarici investisiyalar ye­nidən artmağa başlayıb. Belə ki, 2020-ci ildə birbaşa xarici investisiyalar 606 mil­yon dollar təşkil edibsə, 2021-ci ildə bu rəqəm 790 milyon dollara, ötən il isə 1,8 milyard dollara qədər yüksəlib. Qeyri-neft sektoruna yatırılmış birbaşa xarici inves­tisiyaların ümumi birbaşa xarici investisi­yalarda payı isə 21,2 faiz təşkil edib.

Hazırda ölkədə investisiya mühi­tinin cəlbediciliyinin artırılması üçün müxtəlif layihələr həyata keçirilir, xarici investorların “bir pəncərə” prinsipindən yararlanmasına ciddi diqqət yetirilir, on­lara müxtəlif istiqamətlərdə dəstək veri­lir. Birbaşa xarici investisiyaların təşviqi məqsədilə hazırlanan strategiyanın isə yaxın vaxtlarda təsdiqi gözlənilir. 

Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk vaxtlardan etibarən xarici investisiya­nın ölkəyə cəlbini sürətləndirmək üçün qanunvericiliyin müasirləşdirilməsi, yeni rəqəmsal həllərin tətbiqi önə çəkilib. 

Azərbaycanda investisiya cəlbedicili­yinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qa­nunverici–institusional tədbirlərin həyata keçirilməsidir. Bu baxımdan 1995-ci il 13 yanvar tarixli “İnvestisiya fəaliyyə­ti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu sənəd investisiyaların ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaq­la yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqla­rının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunması haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və mənafelərinin qorunması, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.

 

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat