AGG və “Şahdəniz”dən 625,7 miliyon ton neft və kondensat çıxarılıb

post-img

2023-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdə 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən XQ-yə bildirilib ki, ölkə üzrə ümumi neft hasilatının 15 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bununla yanaşı, ilin ötən 10 ayında “Şahdəniz” və “Abşeron” yataqlarında müvafiq olaraq 3,6 milyon ton və  0,2 milyon ton kondensat hasil edilib. Hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 6,5 milyon ton təşkil edib.

Cari ilin 10 ayında 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bunun da 18,5 milyon tonu konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür.

Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il noyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 581,9 milyon ton neft, “Şahdəniz” yatağından isə 43,8 milyon tona yaxın kondensat çıxarılıb. Ümumi hasilatın 623,7 milyon tonu ixraca nəql edilib.

XQ

İqtisadiyyat