Bu mövsümdə kənddə məhsul istehsalı artıb

post-img

Cari ilin 10 ayında Azərbaycanda 10 milyard 865,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,7 faiz artaraq 5 milyard 731 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 faiz artaraq 5 milyard 134 milyon manat təşkil edib.

Məlumatda bildirilir ki, noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 172,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8  faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 753,6 min ton (1,4 faiz çox) tərəvəz, 1 milyon 84,5 min ton (2,4 faiz çox) meyvə və giləmeyvə, 217,5 min ton (6,3 faiz çox) üzüm, 1102,4 ton (15,5 faiz çox) yaşıl çay yarpağı, 29,2 min ton (2,5 faiz çox) günəbaxan, 4,2 min ton (12,2 faiz çox) tütün yığılıb. Bununla belə, ilin ötən dövründə ölkədə bəzi kənd təsərrüfatı məhsullarınının istehsalı azalıb. Belə ki,  10 ayda sahələrdən 989,3 min ton (4 faiz az) kartof, 438,2 min ton (6,5 faiz az) bostan məhsulları, 168,9 min ton (15,1 faiz az) pambıq və 125,1 min ton (18,6 faiz az) şəkər çuğunduru yığılıb.

Hesabat dövründə quş əti də daxil olmaqla diri çəkidə 485,4 min ton ət, 1 milyon 864,5 min ton süd, 1 milyard 832,5 milyon ədəd yumurta, 15,1 min ton yun və 357 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 10,5 faiz və barama istehsalı 4,6 faiz artıb. Yun istehsalında isə əksinə, 3 faiz azalma qeydə alınıb.

XQ

İqtisadiyyat