Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf tempi dünya üzrə orta göstəricidən yüksəkdir

post-img

Noyabrın 1-i Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. AZƏRTAC eksklüziv olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aqrar sahə işçilərinin peşə bayramı münasibətilə məqaləsini təqdim edir. Məqalədə aqrar sektorda aparılan islahatlar, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən söhbət açılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 20 ildə apardığı qətiyyətli və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib. Onun rəhbərliyi ilə son 20 ildə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən uğurlu fəaliyyət Azərbaycanın regionun lider dövləti kimi iqtisadi qüdrətini təmin etməkdədir. Bununla da dövlət müstəqilliyi şəraitində kənd təsərrüfatının inkişafına dair Heydər Əliyev ideyalarının reallaşdırılması istiqamətində bu illər ərzində görülən işlər sayəsində sahənin dayanıqlı inkişafı üçün etibarlı təminatlar yaradılıb. Ulu Öndərin anadan olmasının 100 illiyini böyük fəxr hissi ilə qeyd etdiyimiz 2023-cü il də daxil olmaqla, müstəqil Azərbaycanın kənd təsərrüfatı sahəsi uğurla həyata keçirilən aqrar islahatlar hesabına yaradılmış möhkəm təməllər üzərində davamlı olaraq yüksələn inkişaf göstəriciləri ilə xarakterizə olunur.

Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Bütün bunların nəticəsində son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı artıb, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib.

Son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilən vəzifələrə uyğun olaraq bu il də kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası qeydə alınıb. İlin ötən 9 ayı ərzində aqrar sahə üzrə 3 faiz, o cümlədən bitkiçilikdə 2,5 faiz, heyvandarlıqda 3,5 faiz artım olub.

Dünya Bankının məlumatları əsasında aparılan hesablamalara görə, son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf tempi dünya üzrə orta göstəricidən yuxarı olmuşdur. Belə ki, 2003-cü il baza ili olmaqla, 2004-2022-ci illərdə Azərbaycanda aqrar sahədə yaradılan əlavə dəyərin orta illik real artım tempi 3,8 faiz olduğu halda, bu göstərici dünya üzrə 2,9 faiz, Avropa və Mərkəzi Asiya üzrə 1,4 faiz, region ölkələrindən Türkiyədə 2,7 faiz, Gürcüstanda 1,5 faiz, Rusiyada 1,8 faiz, İranda 2,8 faiz olub.

İstehsal potensialının artması və qlobal dəyər zəncirinə inteqrasiyanın güclənməsi hesabına 2003-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 6,9 dəfə artıb.

Ölkəmizdə aqrar istehsal üzrə ən yüksək göstərici bitkiçilik sahəsindədir və son illərdə bu göstərici dünya göstəricisindən əhəmiyyətli dərəcədə yuxarıdır. Bunu xüsusilə Azərbaycanın müqayisəli üstünlüklərinin yüksək olduğu və daha çox əlavə dəyərin yaradıldığı meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı, ümumi istehsalda payının artması şərtləndirir. Belə ki, 2003-cü illə müqayisədə ölkədə meyvə və giləmeyvə istehsalı 2,2 dəfə, kartof, tərəvəz və bostan məhsullarının istehsalı 1,6 dəfə artıb. Eyni zamanda, 2003-cü ildən sonra ət və süd məhsullarına tələbatın artmasının heyvandarlığın inkişafını fəal stimullaşdırması hesabına bu sahədə də artım sürətlənib.

Ümumiyyətlə, daxili bazar tələbinin əhəmiyyətli şəkildə yüksəlməsi fonunda Azərbaycanın ərzaq təhlükəsizliyi göstəriciləri də ümumilikdə məqbul səviyyəyə çatıb, ilk növbədə yerli istehsal potensialının gücləndirilməsi hesabına əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb. Hazırda kənd təsərrüfatı meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə ölkəni tam təminetmə potensialına malikdir. Əhalinin tələbatının daha yüksək olduğu ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2022-ci ildə 86,0 faizə, süd və süd məhsulları üzrə isə 83,3 faizə çatıb.

Bütün bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin ilk illərində həyata keçirdiyi uğurlu iqtisadi siyasət çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı aparılan islahatlar durur. Aqrar sahədə bazar münasibətlərinin formalaşması və istehsalı tam olaraq həyata keçirən özəl bölmənin təşəkkül tapması ilə nəticələnən bu islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman isə aqrar islahatların ikinci mərhələsinin başlanması üçün mühüm siyasi qərar oldu. Kənd təsərrüfatının yüksək əlavə dəyər yaradan ənənəvi sahələrinin inkişafı baxımından tarixi dönüş dövrü kimi əlamətdar olan bu mərhələdə islahatlar daha da dərinləşdi, aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirildi və çoxşaxəli dövlət dəstəyi sistemi yaradıldı, kənd təsərrüfatı istehsalçılarına verilən birbaşa subsidiyaların əhatə dairəsi genişləndirildi.

Bu dövrdə yanacaq və motor yağlarına, mineral gübrələrin, pestisidlərin satışına, toxum və tinglərin istehsalına və satışına, buğda və çəltik əkinlərinə, təkrar əkinlərə, pambıq və şəkər çuğunduru satışına görə subsidiyaların verilməsinə başlanıldı.

Son illərdə aqrar sahədə aparılan islahatların ən böyük töhfələrindən biri də istehsal vasitələrinin əldə olunmasına tətbiq olunan güzəştlərdir. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20% ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilir. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40% güzəşt olunur.

Hazırda ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.

O cümlədən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı, yem xammalı və yem məhsullarının idxalı əlavə dəyər vergisindən, həmçinin yem məhsulları gömrük rüsumundan azaddır.

Eləcə də ölkənin aqrar sahədə malik olduğu müqayisəli üstünlüklərinin reallaşdırılması və səmərəli ixtisaslaşmanın aparılması məqsədi ilə istehsalı yüksək iqtisadi səmərəliliyə malik olan meyvə bağlarının genişləndirilməsini stimullaşdırmaq üçün dövlət intensiv bağların salınmasını dəstəkləyir, böyük məbləğlərdə birdəfəlik subsidiyalar verilir. Bu tədbirlər nəticəsində sitrus meyvələrinin, o cümlədən çəyirdəkli meyvələrin, narın ixracı dəfələrlə artıb. Məsələn, 2022-ci ilin yanvar-sentyabr ayı ilə müqayisədə sitrus meyvələrinin ixracı 10 dəfədən çox, nar ixracı 3 dəfədən çox artıb.

Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəltmək üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexanizmi yaradılıb. Yeni mexanizmə görə, artıq bu ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası da ödənilir.

Ümumilikdə aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində nominal ifadədə 10 dəfəyə yaxın artaraq 450 milyon manat olub.

Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib.

Kənd təsərrüfatında islahatların uğurla aparılmasının vacib şərtlərindən biri də innovativ idarəetmə sistemlərinə keçidin təmin olunmasıdır. Bu baxımından ölkəmizdə “Elektron kənd təsərrüfatı” İnformasiya Sisteminin yaradılması xüsusi önəm daşıyır. EKTİS-in yaradılmasını kənd təsərrüfatının rəqəmsallaşdırılması yönündə son dövrlərdə atılan ən vacib və əhəmiyyətli addım hesab etmək olar. EKTİS kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid sistem, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes prosesləri əhatə edən şəffaf və operativ idarəetmə alətidir. Hazırda bu sistem üzərindən 600 mindən çox subyektin müvafiq dövlət xidmətlərinə elektron qaydada birbaşa əlçatanlığı təmin edilmişdir. EKTİS bu gün fermerlər, subsidiya, təchizat, tədarük və digər sahələrdə fəaliyyətin idarəedilməsində əsas iştirakçıdır və elektron qaydada informasiya-məsləhət xidmətinin göstərilməsini təmin edə bilir.

Hazırda bütün subsidiyalar vahid yanaşma ilə EKTİS vasitəsilə verilir. Bu, şəffaflığı, hesabatlılığı, birbaşa əlçatanlığı, resurs qənaətini təmin edir. Yeni subsidiya mexanizmi ilə həm də Aqrar Subsidiya Şurası yaradılıb ki, bu da hər il kənd təsərrüfatı məhsulları istehsalçılarına ödənilən subsidiyaların effektivliyinin qiymələndirilməsi və inkişaf ehtiyacları nəzərə alınmaqla mövcud subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı çevik qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Aqrar sahədə son illərdə həyata keçirilən tədbirlərdən biri də dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin yaradılmasıdır. Bu mexanizm hesablanmış sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsini nəzərdə tutur. Dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən - dolu, donvurma (şaxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və s. hallardan sığortalayır.

Aqrar sığorta kənd təsərrüfatı heyvanlarının sığortasını da əhatə edir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.

Ümumilikdə dövlət dəstəyi ilə aqrar sığortanın əhatə dairəsi ildən-ilə genişlənir.

Son 20 ildə səmərəli idarəçiliyin təmin edilməsi və innovasiyaların geniş yayılmasının dəstəklənməsi prinsipləri əsasında çevik və işlək inkişaf mexanizmləri formalaşdırılıb, institusional quruculuq yeni səviyyəyə yüksəlib, idarəetmə strukturları təkmilləşdirilib. Aqrar sahədə göstərilən xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, 2020-ci ildən dövlət tərəfindən göstərilən baytarlıq xidmətləri özəlləşdirilib, 1600-dən çox dövlət baytarlıq işçiləri özəl baytar kimi fəaliyyətə başlayıb. Artıq xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə işinin büdcə hesabına maliyyələşdirilməsi dövlət sifarişi əsasında özəl baytarlarla müqavilə bağlamaq yolu ilə təmin edilir.

Aqrar sahədə həyata keçirilən institusional islahatlar çərçivəsində Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lər kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik və şəffaflıq prinsipləri əsasında göstərilməsini təşkil edir. Hazırda bu mərkəzlərdə 70-dən artıq xidmət göstərilir.

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı son illərdə həyata keçirilən mühüm tədbirlər sırasında aqroparkların yaradılması da var. Bu yöndə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə dövlət-özəl tərəfdaşlığı mexanizmləri əsasında ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı, ilkin emalı və satışının mütərəqqi forması kimi aqroparkların yaradılması geniş vüsət aldı. Aqroparkların formalaşdırılması və fəaliyyəti çərçivəsində aqrobiznes sahələrinə investisiya qoyuluşları həm müvafiq infrastrukturun yaradılmasına dövlət tərəfindən investisiyaların qoyulması, həm də güzəştli kreditlərin verilməsi ilə stimullaşdırılır.

İnstitusional islahatlar çərçivəsində Azərbaycanda yeni texnologiyalardan istifadə etməklə fermerlərin informasiya-məsləhət xidmətlərinə çıxışının yaxşılaşdırılması üçün də bir sıra işlər görülüb. Bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə effektivliyini artırmaq məqsədilə həyata keçirilən “Rəqəmsal kənd təsərrüfatı” layihəsi çərçivəsində elektron informasiya-məsləhət xidmətinin göstərilməsi tədbirləri davam etdirilir. Eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsi məqsədilə müasir kommunikasiya vasitələrindən istifadə olunur, elektron resurslar daim təkmilləşdirilir.

Son illərdə aqrar sahədə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə edilib və kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı müxtəlif təcrübələr yaranıb. Bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin əhatəliliyinin artırılması çərçivəsində müasir texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş dronlar, robot texnikası və ağıllı idarəetmə üzrə texnoloji avadanlıqlar, həmçinin iqlim və suvarmaya nəzarət üçün aqrometeoroloji cihaz və avadanlıqlar satışına güzəşt tətbiq edilən texnika və texnoloji avadanlıqların siyahısına daxil edilib.

Eyni zamanda, ölkədə kənd yerlərində infrastrukturun müasir çağırışlara uyğun inkişafı tədbirləri çərçivəsində “ağıllı kənd” layihələrinin həyata keçirilməsinə başlanılıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi, Qarabağın və Şərqi Zəngəzurun ölkənin kənd təsərrüfatına reinteqrasiyası aqrar sahənin inkişafında mühüm rol oynayacaq. 2022/2023-cü illər mövsümündə artıq 70 min hektardan çox sahə əkinə cəlb edilib. Qısa müddət ərzində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin az qala yarısında təsərrüfat işlərinin aparılması, bu işlərin görülməsi üçün tələb olunan texnika və digər istehsal vasitələri ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi təcrübəsi yaranıb.

Eyni zamanda, azad olunmuş ərazilərdə taxıl əkininin müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilməsi üçün minlərlə hektar sahəni əhatə edəcək pivot suvarma infrastrukturunun qurulmasına başlanılıb.

Ümumilikdə isə, ilkin qiymətləndirimələrə görə, Qarabağın və Şərqi Zəngəzurun işğala məruz qalmış ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra təqribən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla bu əkin sahələrinin təqribən 100 min hektarı taxıl məhsullarının istehsalına cəlb olunacaq ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda regionda ənənəvi olaraq mövcud olan üzüm bağlarının bərpası ilə yanaşı, region üçün yeni bir trend kimi intensiv meyvə bağlarının salınması həyata keçiriləcək. Yeni intensiv bağlar xüsusilə ixrac əhəmiyyətli gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvələr, həmçinin nar və fındıq kimi ölkə üçün spesifik olan meyvə bağlarından ibarət olacaq. Həmçinin regionda soğan və kartof kimi tərəvəz məhsullarının istehsalı, habelə pambıq və tütün kimi texniki bitkilərin istehsalının təşkili də ölkə üzrə müvafiq istehsal göstəricilərini yüksəldəcək.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır. İlkin hesablamalar göstərir ki, bu ərazilərdə iribuynuzlu heyvanların sayının təqribən 430 min başa, xırdabuynuzlu heyvanların sayının isə 1,6 milyon başa çatdırılması mümkündür. Bunun hesabına bölgədə təqribən 45 min ton ət və 240 min ton süd istehsalı proqnozlaşdırılır ki, bu da idxalın əvəzedilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ətlik və südlük istiqamətli heyvandarlıqla yanaşı, bölgədə tarixən mövcud olan baramaçılıq və arıçılıq ənənələrinin, həmçinin atçılığın bərpası da diqqət mərkəzindədir.

Aparılmış qiymətləndirmələrə görə, regionda kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı 8-10 faizdən çox artacaq.

Həmçinin strateji əhəmiyyətli su ehtiyatlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yeni sahələrin suvarılması təmin ediləcək ki, bu da bütövlükdə ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

Ölkədə aqrar sahənin inkişafı ilə bağlı aparılmış ardıcıl və sistemli islahatların davamı olaraq dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması hazırda da ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu isə kənd təsərrüfatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək, ölkəmizin iqtisadi gücünün daha da artmasına, insanlarımızın rifahının yüksəlməsinə öz töhfəsini verəcək.

İqtisadiyyat