Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirildiyinə görə, Sərsəng Su Anbarının Azərbaycanın nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq.
Qeyd edilir ki, burada toplanan su axaraq Suqovuşan anbarında toplanır. Tezliklə həmin infrastrukturdan ötürülən su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə və Goranboy rayonlarının, ümumilikdə, 95 min hektar əkin sahəsinin suvarma suyuna tələbatı təmin olunacaq. Bununla da Qarabağ iqtisadiyyatının inkişafında yeni mərhələ başlayacaq.
Hazırda adıçəkilən agentlik Sərsəng Su Anbarına nəzarət edir. Bu infrastrukturdan təkcə suvarma üçün deyil, həm də elektrik enerjisinin alınmasında istifadə edilir. Anbarın üzərində 50 meqavat gücündə su elektrik stansiyası da var. Orada işğal dövründə təmir-bərpa işləri görülməyib, texniki qurğular baxımsız qalıb.
Qeyd edək ki, 1976-cı ildə Tərtərçayın üzərində Sərsəng Su Anbarı tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi isə 500 milyon kubmetrdir.
XQ