Davamlı inkişafın yarımillik “kardioqramı”

post-img

6 ayda 60,3 milyard manatlıq ümumi daxili məhsul əldə edilib

Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində 2024-cü il, eyni zamanda, ortamüddətli dövr üzrə makro-iqtisadi hədəf və proqnozlar, həmçinin büdcə siyasətinin əsas istiqamətləri öz ifadəsini tapıb. 

Açıqlamada Dövlət Statistika Komitə­sinin məlumatına əsaslanılaraq, 2023-cü ilin yanvar–iyun aylarında ölkədə 60,3 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 36,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olun­duğu bildirilir. Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-in real ifadə­də 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in isə 3,1 faiz artdığı vurğulanır. 

Sənəddə, həmçinin rəsmi statistika­ya istinadən bu ilin yanvar-iyun aylarında ÜDM-in strukturunda ən böyük xüsusi çə­kiyə (43,7 faiz) malik neft-qaz sənayesin­də 1,8 faiz azalma olmaqla 26,4 milyard manatlıq, məhsula və idxala xalis vergilər üzrə (xüsusi çəkisi 9,3 faiz) 6,3 faiz real artım olmaqla 5,6 milyard manatlıq əlavə dəyər istehsal edildiyi də diqqətə çatdırılır. İlin I yarısında orta illik inflyasiya göstə­ricisinin 12,7 faiz səviyyəsində qeydə alındığı da bildirilir. Həmçinin ərzaq məh­sulları üzrə istehlak qiymətləri indeksində cari ilin ilk 6 ayında ötən ilin müvafiq döv­rü ilə müqayisədə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 11,4 faiz artım əldə olunduğu göstərilir. 

2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilən vəsaitin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manat təşkil edib ki, bunun da 72,9 faizi daxili mən­bələr, 27,1 faizi isə xarici mənbələr hesabına formalaşıb. İnvestisiyaların təqribən 2,8 milyard manatı (39,3faiz) neft-qaz, 4,3 milyard manatı (60,7faiz) qeyri-neft-qaz sektoruna yönəldilib. Eyni zamanda qeyri-neft-qaz sektoruna yönəl­dilən vəsaitin həcmi 4,2 faiz artıb. Bu ilin ilk 6 ayında xarici ticarət dövriyyəsi 22,9 milyard ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən fak­tiki qiymətlərlə 11,4 faiz azalma, real ifa­dədəisə 2,5 faiz artım deməkdir. 

Bu dövrdə xarici ticarət üzrə əməliy­yatların 14,7 milyard ABŞ dolları və ya 64,3 faizi ixrac, 8,2 milyard ABŞ dolları və ya 35,7 faizi idxal əməliyyatlarının pa­yına düşüb. Nəticədə xarici ticarət üzrə 6,6 milyard ABŞ dolları həcmində müs­bət saldoya nail olunub. Qeyri-neft-qaz məhsullarının ixrac göstəricisi isə əvvəlki ilin müvafiq dövrünə nəzərən real ifadə­də16,9 faiz artaraq 1,8 milyard ABŞ dol­larına yüksəlib. 

Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasi­yası təmin olunacaq ki, bu da öz növbə­sində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq. Qeyd edilən ərazilərdə uzun illər sonra kommunikasiya xətlərinin açılması isə iqtisadi cəhətdən müsbət tendensiyalara rəvac verməklə yanaşı, regionda sülhün və təhlükəsizliyin də bərqərar olmasına xidmət edəcək. 

Sözügedən sənəddə sosial-iqtisadi inkişaf gözləntiləri də öz ifadəsini tapıb. Məsələn, 2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7 faiz, ortamüddətli dövrdə isə orta illik 1,6 faiz artım olacağı proqnozlaşdırılıb. Qarşıdakı dövr ərzində neft-qaz sektoru üzrə olan investisiya­larda azalmanın, digər sahələr üzrə isə artımın müşahidə ediləcəyi vurğulanıb. Belə ki, digər sahələr üzrə investisiyaların 2023-cü ildə 13,4 milyard manat proqnoz­laşdırıldığı halda, 2027-ci ildə 16,9 mil­yard manata yüksələcəyi qeyd edilib. 

Açıqlamada digər proqnoz göstəricilə­rinə də diqqət yetirək:

– 2024-2027-ci illər ərzində xarici döv­lət borcu üzrə həyata keçiriləcək əsas borc ödənişləri, habelə mövcud və yeni imzalanacaq kredit sazişləri çərçivəsində istifadələr nəzərə alınmaqla, 2027-ci ilin sonuna xarici dövlət borcunun 5,4 milyard ABŞ dolları və ya ÜDM-in 6,8 faizi həc­mində olacağı proqnozlaşdırılır;

–2024-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı və 11 milyard 838 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 23,4 faizini təş­kil edəcəyi gözlənilir. Həmin dövrdə xarici dövlət borcu 8 milyard 898,7 milyon ma­nat (5 milyard 234,5 milyon ABŞ dolları) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcu isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı proqnozlaşdı­rılır;

–ortamüddətli dövrdə ölkədə qeyri-neft-qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz interva­lında olacağı gözlənilir;

–gələn il üçün 36 milyard 355 mil­yon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərcləri­nin 22 milyard 622 milyon manatı və ya 62,2 faizi cari xərclərə, 11 milyard 760,4 milyon manatı və ya 32,3 faizi əsaslı xərc­lərə, 1 milyard 972,6 milyon manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proq­nozlaşdırılır.

Maliyyə Nazirliyinin açıqlamasında 2024-cü ildə Azərbaycanda bir sıra vergi güzəştlərinin tətbiq ediləcəyi də bildirilir. Belə ki, gələn il ölkədə gəlirlər üzrə si­yasətin əsas istiqamətləri üzrə həm sosial xarakterli güzəştlər vasitəsilə əhalinin ver­gi yükünün azaldılması, həm də sahibkar­lıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.

Sənəddə fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsə­dilə bəzi kateqoriyalı fiziki şəxslərə ve­rilən güzəştlərin həcminin artırılmasının və onların bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsinin nəzərdə tutulduğu da qeyd edilir.

Eyni zamanda, sahibkarlıq subyekt­lərinin vergi yükünün azaldılması və sa­hibkarlıq fəaliyyətinin təşviqi məqsədilə maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən və­saitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrü­fat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi nəzərdə tutu­lur.

Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da qeyd edilib ki, 2024-cü ildə gəlir siyasətinin istiqamətlərindən biri də gömrük ödəniş­lərinin təkmilləşdirilməsi olacaq. Belə ki, daxili istehsalda istifadə edilən və yerli istehsalı mövcud və ya səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının dərə­cəsinin azaldılması, bir sıra əsas vəsait­lərin idxalında ƏDV və gömrük rüsumları üzrə güzəştlərin tətbiqi nəzərdə tutulur.

Eyni zamanda sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü də azaldılacaq. Fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsə­dilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir baza­sına aid edilməyəcək.

V.BAYRAMOV
XQ

İqtisadiyyat