Qeyri-neft ixracı 2,7 milyard dollara yüksəlib

post-img

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) aldığımız məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 6,9 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz çoxdur.

AZPROMO-nun xəbərində bildirilir ki, təkcə cari ilin iyulunda respublikadan 235 milyon dollardan çox qeyri-neft məh­sulları ixrac edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,5 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ildə ölkəmizin qeyri-neft ixracı 12,3 faiz artaraq 3 mil­yard dolları ötüb.

Hesabat dövründə qeyri-neft məh­sullarının istehsalında da müsbət göstə­ricilər qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən 7 ay ərzində respublikanın sənaye müəs­sisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 39,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Sənaye istehsalı ilə əlaqədar qeyri-neft sektorunda 6,5 faiz artım qey­də alınıb. Məhsulun 69,1 faizi mədən­çıxarma sektorunda, 25,7 faizi emal sek­torunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchi­zatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sekto­runda istehsal olunub.

Əlbəttə, qeyri-neft sahəsində istər istehsal, istərsə də ixracla bağlı yüksək göstəricilər əldə edilməsi təsadüfi deyil. Bu, son illər sözügedən sektorda xüsusi fəallığın nəzərə çarpması, iqtisadiyyatı­nın şaxələndirilməsi istiqamətində uğurla həyata keçirilən layihələrin məntiqi nəti­cəsidir. Bunu belə bir fakt da təsdiqləyir: 2010-cu ildə respublikamızın qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, çoxsaylı mənfi təsirlərlə mübarizə aparan qlobal iqtisa­diyyatın həssas olduğu indiki məqamda həmin sahədə artım neft-qaz sənayesin­dəki göstəriciləri üstələyir. Belə ki, möv­cud sahədə əlavə dəyərin cari ilin ilk yarı­sında 6,5 faiz yüksəlməsi, ümumi olaraq isə qeyri-neft sektorunda 3 faizdən çox artımın müşahidə olunması bunun bariz ifadəsidir. 

Qeyri-neft sənayesinin inkişafı ölkə­nin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak ba­zarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Son 20 il ərzində respublikada yüz­lərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması isə həm iş yerlərinin açılmasını, həm də qeyri-neft sənayesinin inkişafını sürətləndirib və daxili tələbatın ödənilməsində yerli məh­sulların payının əhəmiyyətli dərəcədə artmasına, ixrac imkanlarının genişlən­məsinə gətirib çıxarıb. 

Təbii ki, qeyri-neft sektorunun inki­şafında sənaye zonalarının yaradılması önəmli rol oynayıb. İndiyədək bu sahədə 10,23 milyard manat dəyərində məhsul satışı həyata keçirilib və onun 3,35 mil­yard manatlıq hissəsi ixrac edilib. Cari ilin birinci yarısında isə 1,4 milyard ma­nat məhsul satılıb ki, bunun da 33,6 faizi ixracın payına düşüb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yara­dılıb. 

Həmin zonalarda rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və ge­niş infrastruktur təchizatı “birbaşa qo­şulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur sahib­karlara öz vəsaitlərini birbaşa layihənin icrasına yönəltmələrinə imkan yaradır. Sənaye məhəllələrində tam infrastruktur­la təmin edilən torpaq sahələri, həm də hazır tikililər sahibkarlara uzunmüddətli icarəyə verilir. 

“Xalq qəzeti”

İqtisadiyyat