Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Rusiyanın Soçi şəhərində keçirilən iclasındakı çıxışında Azərbaycanın artıq Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz nəqliyyat marşrutlarında mühüm mərkəz kimi tanındığını bildirib. Hökumət başçısı nitqində ölkəmizin tərəfdaşları ilə birlikdə bu nəqliyyat infrastrukturlarının tam ötürücülük gücü ilə fəaliyyətini təmin etmək üçün praktik işlər gördüyünü, dəhlizlərin inkişafına mühüm vəsait ayırdığını, son 20 il ərzində isə respublikamızda avtomobil və dəmir yollarının salındığını, həmçinin əsaslı təmirinin aparıldığını vurğulayıb.
Ə.Əsədov bu gün Azərbaycanın işğaldan azad olunmuş Qarabağda şaxələndirilmiş avtomobil və dəmir yolu şəbəkəsinin yaradılmasına investisiya qoyduğunu və şimal nəqliyyat şəbəkələrini cənub və şərq şəbəkələri ilə birləşdirməkdə olduğunu da qeyd edib.
“Laçında Beynəlxalq Hava Limanının inşası yüksək sürətlə davam etdirilir. Bu aeroport 2025-ci ildə artıq istismara veriləcək. Bakı limanının ötürücülük imkanlarının ildə 15 milyon tondan 25 milyon tonadək artırılması üzrə işlər davam edir. Bütün bu tədbirlər daşımaların artmaqda olan həcmini mənimsəmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”,- deyə Baş nazir bildirib.
Sözügedən nəqliyyat dəhlizlərinin inkişafı nəticəsində Azərbaycanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə əmtəə dövriyyəsi 38 faiz artıb. Yeri gəlmişkən, ötən ilin yekunlarına görə, Azərbaycanın adıçəkilən Birlik ölkələri ilə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollara yüksəlib, həmin dövlətlərin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub, cari ilin ilk 4 ayı ərzində isə əmtəə dövriyyəsindəki artım 38 faiz təşkil edib. Azərbaycan hazırda Avrasiya İqtisadi Birliyindən olan tərəfdaşlarla qarşılıqlı tədarüklərin diversifikasiyası üzərində çalışaraq ticari-iqtisadi əməkdaşlığın yeni sahələrini axtarmağa səy göstərir.
İclasda investisiyalar üzrə qarşılıqlı fəaliyyətin dinamikasının müsbət olduğu da bildirilib. Bu isə Azərbaycanda çox əlverişli investisiya mühitinin mövcudluğu ilə əlaqələndirilib.
Xatırladaq son illər ərzində Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) vasitəsilə tranzit yükdaşımaların həcmi getdikcə artıb. Azərbaycanın düşməndən təmizlənən ərazilərində istifadəyə verilən beynəlxalq hava limanlarının bu istiqamətdə önəmli rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra isə artıq regionun tranzit potensialının daha da güclənəcəyi əminliyi yaranıb.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. İndi marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılaraq “vahid pəncərə” prinsipi tətbiq olunur.
Yeri gəlmişkən, burada bir məsələni də qeyd etmək istərdik. Azərbaycan Çinlə Avropa İttifaqı (Aİ) arasında ən önəmli nəqliyyat qovşağına çevrilməklə yanaşı, bütün bölgənin iqtisadi inkişafını şərtləndirəcək yeni layihəyə başlayıb. Belə ki, Qazaxıstandakı “Kaşağan” yatağından ilk test xam neft partiyası Xəzər dənizindən keçməklə Aktau–Bakı marşrutu ilə daşınıb. Daşınma “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademk Xoşbəxt Yusifzadə” tankeri ilə gerçəkləşdirilib.
Orta Asiya və Cənubi Qafqazdan keçən Orta Dəhlizin əsas funksiyası Şərqdən Qərbə enerjidaşıyıcılarının və konteyner daşımalarının intensivliyi ilə miqyasının artırılmasıdır. Bir zamanlar çox böyük ümidlər bəslənən və az qala “yeni əsrin ən böyük, qlobal layihəsi” kimi təqdim edilən, Çinin təşəbbüsü olan “Bir kəmər-bir yol” layihəsindən fərqli olaraq Orta Dəhliz səmərəliliyi ilə diqqət çəkir. Bunu ötən ilin mayında Çindəki Tuanszesun şəhərindən Finlandiyaya göndərilmiş ilk test yük partiyasının Bakıya uğurla çatdırılması da sübut etdi. “Nurminen Logistics” şirkətinə məxsus yük sonradan dəmir yolu ilə Gürcüstanın Poti limanına, oradan da bərə ilə Rumıniyanın Konstansa limanına daşınmışdı.
Azərbaycan, Çin, Qazaxıstan və Gürcüstan tərəfindən Orta Dəhliz marşrutunun inkişaf etdirilməsi nəzərdə tutulur. Ekspertlərin hesablamalarına görə, marşrutun illik potensialı 10 milyon metrik ton və ya 200 min konteynerdir. Dörd ölkə daxili şirkətlər üçün vahid tarifləri müəyyənləşdirmək, habelə yükdaşıma şirkətlərinin fəaliyyətini sadələşdirmək niyyətindədir.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Baş nazir Əli Əsədovla Rusiya Federasiyasının baş naziri Mixail Mişustin arasında işgüzar səfər çərçivəsində görüşündə iki ölkə arasında ticari-iqtisadi münasibətlərin genişləndrilməsi perspektivləri müzakirə olunub. Görüşdə hər iki ölkənin prezidentlərinin səyi nəticəsində bu dövlətlərin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.
Qeyd edək ki, səmərəli əməkdaşlıq nəticəsində Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi 2023-cü ilin yanvar-aprel aylarında 1 milyard 387 milyon 220,4 min dollar təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 55,3 faiz çoxdur.
Dövlət Gömrük Komtəsinə istinadən onu deyə bilərik ki, hesabat dövründə qonşu ölkədən respublikamıza idxalın həcmi 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 49,4 faiz artaraq 1 milyard 37,7 milyon dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Rusiyaya ixracın həcmi isə 75,7 faiz artaraq 349 milyon 476,34 min dollar təşkil edib. Azərbaycan Respublikası Mərkəzi Bankının statistikasına görə, təkcə 2022-ci ildə Rusiyadan Azərbaycana köçürülən pul baratları 4,8 dəfə artaraq 623 milyondan 2 milyard 969 milyona çatıb.
Cari ilin birinci rübündə Azərbaycan köcürülən pul baratlarının ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 84,2 faiz artaraq 442,1 milyon ABŞ dolları olub. Bu ilin yanvar -aprel aylarına görə, qeyri-neft ixracı üzrə ikinci yer Rusiyanın payına düşüb. Belə ki, ixracın həcmi 285,22 milyon ABŞ dolları (artım 48,8 faiz) təşkil edib. Qeyri-neft ixracında xüsusi çəki 24,02 faiz olub.
Yeri gəlmişkən, Rusiya Azərbaycanın ən çox mal idxal etdiyi ölkələr siyahısında 1-ci yerdədir. Rusiya rəsmilərinin də qeyd etdiyi kimi, bu il Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması planlaşdırılır.
Sonda bildirim ki, bu müsbət göstəricilər mövcud nəqliyyat dəhlizin uğurlu fəaliyyəti ilə bağlıdır. Belə ki, Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın Qərb ölkələri ilə münasibətlərinin kəskin pisləşməsi iqtisadi ticarət münasibətlərindən də yan keçməyib. Qərb ölkələrinin Rusiyaya tətbiq etdikləri sanksiya səbəbi ilə Rusiya alternativ yollar axtararaq öz xarici ticarət əlaqələnin kursunu əsasən Çin və Hindistan üzərində qərarlaşdırıb.
Burada, təbii ki, ticarət- logistika infrasturukturunun çox böyuk əhəmiyyəti var. Rusiya bu baxımdan Şimal-Cənub dəhlizinə çox boyuk əhəmiyyət verir. Astara-Rəşt yolunun istifadəyə verilməsindən sonra da bu istiqamətdə daşınılacaq yüklərin ümumi həcmi 30 milyon tona çata bilər. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Rusiyanın xarici iqtisadi əlaqələrinin təmin edilməsində əhəmiyyətli bir ölkədir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


