Bakı və Sumqayıtda, eləcə də bu iki şəhər arasındakı magistral yolda gün ərzində şütüyən maşınlar arasında müxtəlif markalı minik avtomobillərindən ibarət taksilər üstünlük təşkil edir. Bu nəqliyyat növü həm çeşidli adları ilə tanınır, həm də bir növ anonim xidmət və ya “xalturaçı” taksilər kimi təsnifatlandırılır. Gizli deyil ki, taksi xidməti üçün lisenziyası olmayan, müvafiq qeydiyyatdan keçməyən, vergidən yayınan, yəni “özündənbəy” taksi sürücüləri də çoxdur. Onların da ki, avtomobillərinin texniki sazlığı, sərnişin təhlükəsizliyinə zəmanət əmsalı yetərincə deyil.
Son vaxtlar ictimaiyyət arasında, mətbuat və televiziya kanallarında, hətta parlament müzakirələrində taksi fəaliyyəti ilə bağlı problemlər gündəmə sıx daxil olub, aktuallaşıb. Taksi xidmətinin xaosu istifadəçi və nəzarətçiləri narahat edir, hərəkəti tənzimləməyə cavabdeh olanları çıxılmaz vəziyyətə salır, ictimai nəqliyyatın nizamının pozulmasına, uzun tıxaclara səbəb olur. “Omeqa”, “Bolt”, “ Yanqo”, “Ekonom”, “Uber”lərin yarışı qızğınlıqla davam edir. “Rəqabət qazanı”nda pörşələn taksi sürücülərinin bu fəaliyyətdən qazancları elə də çox deyil. Yanacaq və təmir xərcləri, cərimə ödəmələri, əsəb gərginliyi, necə deyərlər, kəlləçarxda olur. Bəzən isə bank hesablarına köçən pulu taksi sürücüləri həftələrlə ala bilmirlər. Buna görə də nağdsız ödənişlər onlara sərf etmir deyə, gəlmirlər.
Məsələnin sosial tərəfi də var. Hansı “taksiçi”ni dindirirsən, giley-güzar edir, qəpik-quruşdan ötrü 12–14 saat çalışıb-vuruşduğunu deyir. Əlbəttə, bu müddət ərzində sükan arxasında oturanı yuxu da tutar, gözlənilməz, qeyri-adekvat vəziyyətlərə çevik reaksiyası da korşalar.
Bu sətirlərin müəllifi Sumqayıtda yaşayıb, Bakıda çalışdığı üçün hər gün sözügedən problemin bu və ya digər “eskiz”ləri ilə rastlaşır. Şəxsi minik avtomobilim olsa da, uzun müddətdir ki, bir çox sumqayıtlılar kimi mən də paytaxta elektrik qatarı, avtobus, ya da taksi ilə gedib-gəlməli oluram. Çünki tıxaclarda qalıb işə gecikmək, maşını “park” etməyə yer tapmamaq, əsəb gərginliyi keçirmək və sair kimi müşküllər, demək olar ki, daimi səciyyə daşıyır. Sumqayıtda evdən avtovağzala gedib çıxmaq ən azı yarım saat vaxt aparır, şəhərlərarası avtobusda rahat yer tutub oturmaq qismət işidir, 30-35 kilometrlik yol da ən azı 40 dəqiqəyə baça gəlir. Birtəhər Bakıya çatandan sonra burada şəhərdaxili ictimai nəqliyyatda eyni çətinliklərlə qarşılaşırıq, üstəgəl metronun “pik” saatlardakı sıxlığı, iş yerinə yaxın stansiyadan mənzil başına qədər piyada yürümək... Beləliklə, ümumilikdə, ən yaxşı halda iki saata qədər vaxt sərf olunur. İşdən çıxanda da eyni hal geriyə fırlanan kino lenti kimi təkrarlanır. Hələ, yaxşı ki, şəhərlərarası elektrik qatarı var və nisbətən normal işləyir, yoxsa sərnişindaşımanın vəziyyəti daha acınacaqlı olardı.
Qayıdaq əhaliyə xidmətin mühüm növü olan taksi xidmətinə. Bu sahəyə nəzarət olduqca zəifdir. Nəticədə çeşidli xoşagəlməz hallar davam edir. Bir çox taksilərdə natəmizlik adi hal alıb. Bəzən sürücü sərnişinləri saymadan siqaret çəkir, bayağı musiqilərə “xod” verib baş aparır, sükanı buraxaraq, geri qanrılıb gediş haqqı yığır, qalıq qaytarmalı olur və s. Qızla, qadınla davranışda nəzakət çərçivəsini aşan nadan sürücülər haqqında da az eşitməmişik.
Xatırladaq ki, bir ay öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib və ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Əsas məram vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması, həmçinin ekoloji tələblərə riayət edilməsi olub. Haqsız rəqabət və inhisarçılığın, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunması önə çəkilib. Taksi ilə sərnişin daşımaları sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqi yönümündə mütəmadi tədbirlərin həyata keçirilməsi zərurəti vurğulanıb.
Nazirlər Kabinetinin taksi fəaliyyətinin tənzimlənməsinə və minik avtomobillərinə dair tələblərin müəyyən edilməsinə dair 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarında da göstərilir ki, taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji tələblərə uyğun olmalıdır. Bu avtomobillər müvafiq rəngdə olmalı, salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Sürücülər mütləq etik davranış qaydalarına və sərnişindaşımanı tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Riayət edilsə, yaxşı olar.
Hələliksə, “köhnə hamam, köhnə tas”dır. Ölkədə özfəaliyyət formasında, primitiv şəkildə sərnişindaşıma ilə məşğul olan avtomobillərin sayı həddindən artıq çoxdur. “Onlayn” platformalar üzərindən fəaliyyət göstərən taksi xidmətlərinin də öz müşkülləri var. Buna görə də “çörəkpulunu” taksi fəaliyyəti göstərməklə qazanmaq istəyənlərin arzu yolu, necə deyərlər, daşlıqdan keçir.
Sumqayıtda avtovağzal ətrafı, “Sülh” küçəsi, “Heydər Parkı”nın yanı, 17-ci mikrorayon dairəsi və bir sıra digər ərazilər Bakıya sərnişin daşıyan taksilərin “lövbər” yeridir. Bu taksilərin hərəkət istiqaməti əsasən Ceyranbatan və Saray qəsəbələrinin ərazilərindən keçir. Bir qayda olaraq, səhər və axşam saatlarında Xırdalan yoxuşundan sonra, Ekologiya postu tərəfdə uzun-uzadı tıxaclar başlayır. İndi gəl, bu basırığa döz, əndişə keçirmə, işə gecikmə, xoş ovqatını qoruyub saxla!
Axşamlar metronun “20 Yanvar” stansiyasından çıxan kimi isə sumqayıtlı sərnişinlərin başının üstünü yenə də sərnişin haraylayan taksı sürücüləri alır. Respublika Velotrekinin yanında qulaq deşən tenor, bariton, bas çağırtıları gəlir. Artıq çoxdan əzbər bilirik: “Ceyranbatandan keçməklə – iki nəfər!”, “Çerez Saray – bir nəfər!”, “Gedirsənsə, gəl, çıxıram, tez ol!”, “Adamın biri – bir manat!” (son vaxtlar isə manat yarım və ya iki manat). Eybəcər siqnal səsləri aləmi bürüyür. Bəzi sürücülər az qala, adamı zorla dartıb maşına otuzdururlar. “Getdik, ey!”. Eyni mənzərə "Şamaxı yolu" adlanan ərazidə hökm sürür. Xaotik hərəkət, süni ajiotaj amili qanunsuz sərnişindaşımanın törəmə hallarıdır. Cəld tərpənən sürücülər DYP-nin qadağalarından yayına bilir, astagəllər isə, öz dilləri ilə desək, ilişirlər.
Biz hələ bəzi taksi sürücülərinin aşkar naşı, peşəkar baxımdan aşağı səviyyəli olmasını, bəzilərininsə az-maz “hallı” vəziyyətdə yola çıxdığını demirik. Sərnişin daşıdığı halda yol boyunca ”avtoşluq” etməkdən çəkinməyənlər, qorxulu filmlərdəki kimi, aqibəti düşünmədən riskli manevrlər – “forsaj” edənlər də eləcə. Bütün bunlar sərnişin məmnunluğu bir yana, heç elementar təhlükəsizliklə də bir araya sığmır. Obrazlı şəkildə desək, nizamsızlıq mərəzi artıb, mizan-tərəzi itib.
Taksi xidmətinin problemləri ilə bağlı Bakı–Sumqayıt yolunda hər gün müşahidə etdiyimiz halların icmalına nöqtə qoymaq istəyəndə ara-sıra ekran və efirlərdən eşitdiyimiz “Nəqliyyatın intellektual idarəetməsi” terminologiyasını xatırladıq. Ümid edirik ki, bu deyim təkcə leksikonda qalmayacaq, tezliklə real həyata da nüfuz edəcək. Müvafiq qurumlar Azərbaycan qanunlarına hörmət etməyən, qaydaları pozan taksi operatorlarına qarşı təsirli sanksiyalar tətbiq edəcək, özbaşınalıqları cəzasız qoymayacaq. Eyni zamanda, profilaktika işi güclənəcək, qaydalara əməl olunmasına nəzarət funksiyalarının həvalə edildiyi agentliklər də fəallıqlarını artıracaqlar.
Elməddin MURADLI,
Nəqliyyat eksperti
– Bakı-Sumqayıt yolunda taksi fəaliyyətinin xaotik formada olması gizli deyil. Nəzarət mexanizmi normal vəziyyətdə deyil. Orada lazım olan sistemi qurmaq o zaman mümkün olar ki, normal ictimai nəqliyyat xidməti yaradılsın. Belə olsa, sıxlıq da azalar, problem də həllini tapar. İki şəhər arasında normal intervalla işləyən təmiz, səliqəli, komfortlu avtobuslar olmadığına görə vətəndaş məcburən taksilərə üz tutur. Əslində, bu gün o taksilər də olmasa, insanlarımız çıxılmaz vəziyyətdə qalar.
Biz dəfələrlə təklif etmişik ki, Bakı ilə Sumqayıt arasında nəqliyyatın normal forması qurulsun. Hazırda iki şəhər arasında elektrikli avtobusların işləməsi ilə bağlı təklifimiz müzakirə olunur. Özəl bir şirkət də layihə irəli sürüb və bütün xərcləri öz üzərinə götürüb məsələni ən yüksək səviyyədə həll etməyə hazırdır. Ümid edirik ki, hökumət özəl sektorun bu təklifinə müsbət münasibət göstərəcək və biz Bakı-Sumqayıt arasında konkret marşrut üzrə elektrikli avtobusların hərəkətinin şahidi ola biləcəyik.
Bu da var ki, ictimai nəqliyyat olmadığına görə, manatlıq taksilərə çox xərc çəkildiyinə görə, vətəndaşlar sürətli şəkildə avtomiobilləşməyə maraq göstərirlər, maşın alırlar. Nəticədə günün “pik” saatlarında Bakı-Sumqayıt yolunda tıxac əlindən yerimək olmur. Əslində, saat kimi işləyən ictimai nəqliyyat sistemi qurulmalıdır və belə olan halda da insanlar 50-60 qəpiyə gedə biləcəkləri yolu 1 manata və yaxud daha baha qiymətə getməzlər.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”


