Azərbaycanın ilk peykinin orbitə buraxılmasından ötən 10 il müddətində 515 milyon manat gəlir əldə edilib. Yaxın illərdə isə ölkəmizin kosmik fəaliyyətdən qazancı 1-1,5 milyard manatı keçəcək.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında”Qanun layihəsinin müzakirəsi zamanı deyib. Hazırda bütün diqqətin xarici bazarlara yönəldildiyini bildirən S. Əsədov qeyd edib ki, qazancın 90 faizi xarici bazarlar hesabına olub. “Yəni biz dollar və avro ilə gəlir əldə edirik və ölkəmizə valyuta axınına dəstək veririk”,– deyə S.Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın 42 ölkədə 182 müştərisi var. Bunların əksəriyyəti Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinin payına düşür.
“Xalq qəzeti”

