Azərbaycan və Avropa İttifaqı Brüsseldə Azərbaycan qazının nəqlini müzakirə edəcək

post-img

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson mayın 2-də Brüsseldə Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Aİ-Azərbaycan enerji dialoqu keçirəcək.

Tərəflər Aİ ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın nəticələrinə yekun vuracaq və onun gedişatını müzakirə edəcəklər.

Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Aİ və Azərbaycan qaz tədarükü ilə bağlı vəziyyət, o cümlədən enerji təchizatının şaxələndirilməsi və Rusiya yanacağının Aİ-yə idxalının dayandırılması üçün Aİ-nin son bir ildə gördüyü tədbirlər barədə məlumat mübadiləsi aparacaq.

Tərəflər Aİ-nin səylərinə dəstək olaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini və Xəzər qazının Aİ-yə tədarükü üçün əlavə marşrutları müzakirə edəcəklər. Əvvəllər tərəfdaşlar 2027-ci ilə qədər Aİ-yə hər il ən azı 20 milyard kubmetr qaz çatdırmaq üçün kəmərin ötürücülük qabiliyyətini iki dəfə artırmağı öhdələrinə götürmüşdülər.

Onlar həmçinin təmiz enerjiyə keçidlə bağlı əməkdaşlığın necə inkişaf etdiriləcəyini müzakirə edəcəklər.

"Xalq qəzeti"

İqtisadiyyat