TRACECA transregional ticarətdə önəmli dəhlizdir

post-img

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. 

Bütün bu istiqamətlərdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisi­yalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.

Dünyada və regionda cərəyan edən geosiyasi hadisələr fonunda Azərbay­canın nəqliyyat-tranzit infrastrukturuna da tələbat artıb. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsiş­məsində yerləşən ölkəmiz regionun mühüm nəqliyyat və logistika habı kimi tanınır. Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Ölkədə yol infrastrukturunun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib. Vətən müharibəsində qazanılan qələbədən sonra regionu­muzda nəqliyyat–kommunikasiya la­yihələrinin inkişafı üçün yeni imkanlar açılıb. Bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat–logistika dəhliz­lərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.

TRACECA-nın (Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi) beynəlxalq yük daşımalarının səmərə­liliyinin təmin edilməsində fəal iştirakçı olan Azərbaycan bu dəhlizə üzv 13 ölkə ilə birlikdə nəhəng infrastrukturun inkişafında mühüm rol oynayır, daşı­maların həcminin artırılması məqsədilə xüsusi layihələrin həyata keçirilməsinə prioritet istiqamət kimi yanaşır. Bir sözlə, TRACECA boyunca multimodal nəqliyyatın inkişafı, dəhlizin rəqəmsal­laşdırılması, sərhəd-keçid prosedur­larının asanlaşdırılması, beynəlxalq avtomobil nəqliyyatı üzrə icazə sistem­ləri, habelə infrastrukturun inkişafına yönəlmiş digər məsələlərin həllinə bö­yük önəm verir. 

Ümumiyyətlə, respublikamızda uzun illər ərzində nəqliyyat–logistika sisteminin inkişafı ilə bağlı qoyulan in­vestisiya hesabına bu sahədə mühüm layihələr icra edilib, dəmir və magistral yollar istifadəyə verilib, yeni tankerlər, bərələr və yük gəmiləri potensialı güc­ləndirilib, müasir gəmiqayırma müəs­sisəsi işə salınıb. Bütün bunlarla bəra­bər, ölkəmiz Bakı–Tbilisi–Qars dəmir yolu infrastrukturunun Gürcüstan his­səsinin genişləndirilməsinə sərmayə yatırıb. Yeni Bakı Dəniz Ticarət Lima­nı (Bakı limanı) 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsini, hava limanları layihələrinin tamamlan­masını gerçəkləşdirib. 

Onu da xatırladaq ki, Bakı limanının ərazisi də daxil olmaqla ətraf sahələr­də azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəq­liyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Məhz elə buna görə də Pre­zident İlham Əliyev Ələt Azad İqtisa­di Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edən “Ələt Azad İqtisadi Zo­nası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb.

Bakı Limanının ətrafında Dubayda­kına bənzər azad iqtisadi zona mode­linin reallaşdırılması nəzərdə tutulur. Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və s. rejimləri yarat­maqla Ələt Azad İqtisadi Zonasını xa­rici şirkətlər, investorlar üçün cəlbedici etməkdir.

TRACECA Hökumətlərarası Ko­missiyasının Daimi Katibliyinin baş ka­tibi Aset Asavbayevin sözlərinə görə, Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prin­sipindən istifadə etməklə tranzit göm­rük prosedurunun sadələşdirilməsi hazırda qarşıda duran önəmli vəzifə­dir. “Rəqəmsallaşma təkcə marşrutun cəlbediciliyinin artmasına imkan ver­məyəcək, həm də əlavə yüklərin cəlb edilməsinə səbəb olacaq. TRACECA bütün maraqlı strukturlara qeyd olunan proseslərdə dəstək göstərməyə hazır­dır” –deyə, o əlavə edib.

Həyata keçirilən tədbirlərin nəticə­sidir ki, TRACECA beynəlxalq nəqliy­yat dəhlizinin Azərbaycan hissəsi ilə yük daşımaları 2022-ci ildə 51 milyard 420 milyon tondan artıq olub ki, bu da 2021-ci ildəkindən 29,76 faiz və ya 11 milyard 8 milyon ton çoxdur.

Azərbaycan Dövlət Statistika Ko­mitəsindən verilən məlumata görə, qeyd olunan dövrdə TRACECA-nın Azərbaycan hissəsi ilə yük dövriyyəsi 12,649 milyard ton-kilometrdən artıq olub ki, bu da 2021-ci ilin göstəricisin­dən 31,9 faiz yüksəkdir.

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları 27,967 milyon tonu keçməklə ümumi yük daşı­malarının 54,4 faizini təşkil edib. Dəmir yolu ilə yükdaşıma 16,841 milyon ton (32,7 faiz), dəniz nəqliyyatı ilə daşın­malar 6,612 milyon ton (12,9 faiz) təşkil edib.

Ümumi yükdaşımaların 13,634 mil­yon tonu (26,5 faizi) isə tranzit yük da­şımalarının payına düşüb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat