“Prezidentin imzaladığı sərəncamların icrası ölkənin su təhlükəsizliyində mühüm rol oynayacaq” - ekspert

post-img

Azərbaycan Qafqazda su resursları baxımından ən yoxsul dövlətdir. Baxmayaraq ki, ərazi və əhali baxımından qonşu ölkələrdən iki dəfədən çox böyükdür, ancaq Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşüb. Həmçinin ərazimizdə olan suyun 70 faizi xarici mənbələrdən gəlir. Buna görə də, ölkəmizdə ciddi su çatışmazlığı var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

Ekspert vurğulayıb ki, son zamanlar quraqlıq problemi və kənd təsərrüfatının inkişafı Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın su ehtiyatlarına tələbatını daha da artırıb. Ümumiyyətlə, əkinçilik ölkələrində su ehtiyatlarının 90 faizi kənd təsərrüfatına gedir. Kənd təsərrüfatı inkişaf etdikcə daha çox suya ehtiyac yaranır.

Azərbaycanda su qıtlığının olmasının əsas bir neçə səbəbi var: “Başlıca olaraq ölkəmiz yerləşdiyi əraziyə görə bu problemi öncədən yaşayır. Digər əsas səbəb iqlim dəyişikliyi ilə bağlıdır, quraqlaşma gedir. Həmçinin Azərbaycanda və digər ölkələrdə kənd təsərrüfatı inkişaf edir, suya tələbat artır. Paralel olaraq suya tələbin artması, quraqlaşma, əhalinin sayının çoxalması davamlı proses olduğuna görə hökumətimiz dayanıqlı həll yolu tapmaq üçün çalışır. Bunun üçün sudan səmərəli istifadəni təkmilləşdirmək yönündə planlar irəli sürülür. Bu istiqamətdə ölkədə aparılan fəaliyyətin davamı olaraq, aprelin 12-də Prezident İlham Əliyev “Yengicə su anbarının tikintisi haqqında” və “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamlar imzaladı. Sərəncamların əsas məqsədi ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir. Həmçinin suyun daha keyfiyyətli paylanması, kanalların bərpası, meliorasiya tədbirlərinin düzgün təşkili istiqamətində də işlər gedir. Bir sözlə, bu sərəncamların icrası ölkənin su təhlükəsizliyində mühüm rol oynayacaq”.

X.Kərimli vurğulayıb ki, dəniz suyunun duzsuzlaşdırılması su probleminin azaldılmasına, içməli su istehsalının artmasına və kənd təsərrüfatı sahəsinə böyük töhfə verəcək: “Bunun həyata keçirilməsi ölkənin ciddi su probleminin həllinə gətirib çıxara bilər. Bu, alternativi olmayan, zəruri istiqamətdir. Həm kənd təsərrüfatı, həm də cəmiyyət üçün zəruri əhəmiyyətə malikdir”.

İqtisadiyyat