Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) respublikamızdakı aktiv portfelinin həcmi ötən ilin sonuna 865 milyon avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 3,5 faiz və ya 29 milyon avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 35 olub.
Bu barədə adıçəkilən AYİB-dən bildirilib. Qeyd olunub ki, portfelin 86 faizini (748 milyon avro) dayanıqlı infrastruktura yatırımlar, 10 faizini (87 milyon avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4 faizini (30 milyon avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0,5 faiz azalaraq 748 milyon avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 188 layihə çərçivəsində 3,610 milyard avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86 faizi (3,106 milyard avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13 faizi özəl sektorun payına düşüb.
“Xalq qəzeti”