Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib.
İqtisadiyyat Nazirliyindən qəzetimizə bildirilib ki, Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə görüşən Mikayıl Cabbarov Azərbaycanın bu ölkə ilə əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Boryana Krişto isə Azərbaycanın etibarlı tərəfdaş olduğunu söyləyərək qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraçla görüşdə qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşündə ölkələrimiz arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə edilib. Fadil Novaliç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Bosniya və Herseqovinanın Serb Respublikasından olan nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla iqtisadi münasibətlərin prioritet istiqamətləri, investisiyaların və ticarət əlaqələrinin təşviqi sahəsində perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bosniya və Herseqovina Xarici Ticarət Palatasının prezidenti Zdravko Marinkoviç imzalayıblar.
“Xalq qəzeti”