Tbilisidə “Caspian Energy Club”un təşkilatçılığı ilə forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda yaşıl enerji və rəqəmsal iqtisadiyyat məsələləri diqqət mərkəzində olub.
Forumda “Caspian Energy Club”un Azərbaycan, Gürcüstan, Özbəkistan və Səudiyyə Ərəbistanından dövlət və hökumət üzləri, eyni zamanda, xeyli sayda şirkətin nümayəndəsi iştirak edib.
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev tədbiri açaraq bildirib ki, bu günə qədər Tbilisidə 3 dəfə belə forum keçirilib. Bu, sayca dördüncü forum olsa da, “Caspian Energy Club Georgia”nın iştirakı ilə ilk dəfə təşkil olunur. Forumun məqsədi Azərbaycanın və Gürcüstanın iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək, onların üçüncü ölkələrə birgə çıxışına dəstək olmaq, həmçinin digər ölkələrin sərmayədarlarını ölkəmizə cəlb etməkdir.
Bildirilib ki, foruma hər iki ölkədən 100-dən çox şirkət, o cümlədən Azərbaycandan 50-yə yaxın iş adamı qatılıb. Bu da özəl sektor arasında qarşılıqlı əməkdaşlığa böyük marağın göstəricisidir.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək, ölkələrimiz arasındakı mehriban dostluq, qardaşlıq və qonşuluq münasibətlərindən söz açıb.
Bildirib ki, bu gün Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi münasibətlər yüksək səviyyədədir. Hər iki ölkənin şirkətləri arasında əməkdaşlığın dərinləşməsi ölkələrimizin iqtisadi əlaqələrin inkişafına xidmət edir. Azərbaycan və Gürcüstan şirkətləri arasında bir neçə dəfə görüş keçirilib və bu görüşlərin çox müsbət nəticələri olub. Bu gün belə görüşlərin təşkilinə böyük ehtiyac var. “İnanırıq ki, bugünkü forum çox səmərəli və məhsuldar keçəcək, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin, eləcə də işgüzar dairələr arasında əlaqələrin inkişafına öz zəruri töhfəsini verəcək” - deyə, diplomat vurğulayıb.
Sonra “Caspian Energy Club Georgia”nın sədri Natiq Məmmədov və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva çıxış edərək, qarşıda duran vəzifələrdən danışıblar.
Sonra forum panel iclaslarda işini davam etdirib.
Yaşıl enerji və rəqəmsal inkişaf mövzusunda keçirilən panellərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin direktoru Cavid Abdullayev, Gürcüstan Enerji İnkişafı Fondunun sədri Jaba Xmaladze, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili, Azərbaycan Respublikası Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda Azərbaycan ilə Gürcüstan arasında qeyri-neft sektorunda iqtisadi əlaqələrin inkişafı diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi