Şirkət rəhbəri: Tarif dəyişikliyi şəhərlərarası sərnişindaşımada da xidmətin keyfiyyətini yüksəldəcək

post-img

Yeni tarif tənzimlənməsindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB ölkələri ilə müqayisədə Azərbaycanda aşağı səviyyədə olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında şəhərlərarası sərnişindaşıma xidməti ilə məşğul olan “Xoşqədəmli” MMC-nin direktoru Eyvaz Abbasov deyib.

O vurğulayıb ki, sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni, 5 il əvvəl qüvvəyə minib. Həmin vaxtdan ötən illər ərzində ehtiyat hissələrinin idxal qiymətləri və ümumilikdə təmir xərcləri artıb. Bundan başqa, avtomobillər üçün yağ və digər zəruri materialların, həmçinin yanacağın qiyməti artması da sərnişindaşıma xidmətinin maya dəyərinə ciddi təsir göstərib. Sərnişindaşıma tarifinin aşağı olması avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan verməyib.

Eyvaz Abbasov deyib ki, xidmətin keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması üçün Tarif Şurasına müraciət edilmişdi. “Tariflərin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən şirkət kimi bizə həm maliyyə vəziyyətimizi yaxşılaşdırmaq imkanı verəcək, həm də vətəndaşa daha yüksək və keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq”, - deyə o bildirib.

Qeyd edək ki, yeni tariflərə görə müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunacaq. Əvvəlki tarif isə 2,4 qəpik idi.

İqtisadiyyat