Azərbaycan dili qlobal süni intellekt platformasında

post-img

Azərbaycan növbəti uğura imza atdı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti “Gemini” süni intellekt modelinin artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verildiyini bəyan etdilər. Bu, əlbəttə ki, sıradan texnoloji yenilik deyil, ölkənin strateji inkişaf trayektoriyasında mühüm addımdır. Bu addım Azərbaycanın rəqəmsal transformasiya kursunun artıq daxili islahat mərhələsindən çıxaraq qlobal texnoloji sistemlə inteqrasiya mərhələsinə keçdiyini göstərir.

Süni intellekt artıq təkcə texnologiya deyil, siyasi-iqtisadi güc amilidir. XXI əsrdə dövlətlərin rəqabət qabiliyyəti onların ordularının sayı ilə yox, məlumatı necə emal etməsi, innovasiyanı necə tətbiq etməsi və insan kapitalını necə formalaşdırması ilə ölçülür. Bu kontekstdə Azərbaycan dilinin qlobal AI platformasında rəsmi şəkildə yer alması milli rəqəmsal suverenliyin möhkəmlənməsi deməkdir. Ana dilində süni intellekt alətlərindən istifadə imkanı vətəndaşların qlobal bilik və texnologiya dövriyyəsinə birbaşa qoşulmasını təmin edir və rəqəmsal bərabərsizliyi azaldır.

“Gemini”nin veb və mobil platformalarda, o cümlədən real vaxt rejimində danışıq imkanı yaradan funksiyalarla təqdim olunması dövlət idarəçiliyindən təhsilə, mediadan biznesə qədər geniş spektrdə struktur dəyişiklikləri stimullaşdıra bilər. Xüsusilə “Deep Research” və “Canvas” kimi alətlər analitik düşüncə və sistemli tədqiqat mədəniyyətinin formalaşmasına təsir göstərəcək. Bu, yalnız fərdi istifadə səviyyəsində deyil, institusional səviyyədə də qərarvermə keyfiyyətinə təsir edəcək. Dövlət strukturlarında sənəd dövriyyəsinin, məlumat təhlilinin və vətəndaş müraciətlərinin emalının avtomatlaşdırılması idarəetmədə effektivliyi artırmaq potensialına malikdir.

Digər tərəfdən, yaradıcı sənayelər və startap ekosistemi üçün açılan imkanlar Azərbaycanın iqtisadi modelinin şaxələndirilməsi strategiyası ilə uzlaşır. “Veo” və “Nano Banana” kimi alətlər vizual və video kontentin istehsalını demokratikləşdirir, kiçik biznes və fərdi təşəbbüskarlar üçün giriş baryerini azaldır. Bu isə rəqəmsal sahibkarlığın genişlənməsi, yeni iş yerlərinin yaranması və qeyri-neft sektorunun güclənməsi baxımından əhəmiyyətlidir. Süni intellektin lokallaşdırılması daxili bazarı gücləndirməklə yanaşı, Azərbaycan məhsullarının qlobal platformalara çıxışını da asanlaşdıracaq.

Bununla belə, proses yalnız imkanlar deyil, həm də yeni məsuliyyətlər yaradır. Süni intellekt alətlərinin sürətli yayılması məlumat təhlükəsizliyi, etik standartlar və hüquqi tənzimləmə məsələlərini aktuallaşdırır. Akademik mühitdə plagiat riskləri, informasiya manipulyasiyası və əmək bazarında struktur dəyişiklikləri qaçılmazdır. Bu baxımdan rəqəmsal inkişaf strategiyası paralel şəkildə kibertəhlükəsizlik, məlumatların qorunması və AI etikası üzrə normativ bazanın gücləndirilməsini tələb edir. Əks halda texnoloji sıçrayış institusional boşluqlarla müşayiət oluna bilər.

Geosiyasi baxımdan da bu addım diqqətəlayiqdir. Qlobal texnologiya şirkətlərinin dil və bazar prioritetləri siyasi-iqtisadi əhəmiyyət göstəricisidir. Azərbaycan dilinin strateji genişlənmə siyahısına daxil edilməsi ölkənin regionda artan rəqəmsal çəkisinin göstəricisidir. Cənubi Qafqazda rəqəmsal infrastrukturun və data mərkəzlərinin inkişafı fonunda bu cür inteqrasiya gələcəkdə Azərbaycanın regional rəqəmsal qovşaq kimi mövqeyini möhkəmləndirəcək.

Beləliklə, “Gemini”nin Azərbaycan dilində istifadəyə verilməsi texnoloji yeniliklə yanaşı, həm də siyasi və iqtisadi mesajdır: Azərbaycan rəqəmsal transformasiyanı inkişaf modelinin mərkəzinə yerləşdirir və qlobal süni intellekt ekosisteminə aktiv şəkildə qoşulur. Qarşıdakı illərdə əsas məsələ bu potensialın strateji idarə olunması olacaq. Əgər texnologiya insan kapitalının inkişafı, dövlət idarəçiliyinin səmərəliliyi və innovativ iqtisadiyyatın qurulması ilə sinxron şəkildə tətbiq olunarsa, Azərbaycan regionda süni intellekt əsaslı inkişaf modelinin aparıcı nümunəsinə çevrilə bilər.

Səbuhi MƏMMƏDOV

XQ

İKT