Azərbaycanın qarüstü polo üzrə "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində təşkil olunan 41-ci Dünya Kubokunda mübarizə aparacaq.
XQ xəbər verir ki, yarışda ümumilikdə 6 komanda – "Land of Fire", "Sankt Moritz", "Flexjet", "Standing Rock", "Investec" və "Mackage" mübarizə aparacaq.
"Land of Fire" turnirdəki ilk oyununu bu gün, Bakı vaxtı ilə saat 15:15-də ev sahibi "Sankt Moritz" komandasına qarşı keçirəcək.
İlk günün nəticələrinə əsasən, 4 komanda yarımfinala vəsiqə qazanacaq. Yanvarın 25-də isə üçüncü yer uğrunda və final oyunu baş tutacaq. Yarışın sonunda turnirin qalibi ilə yanaşı, ən yaxşı oyunçu və ən yaxşı polo atı da mükafatlandırılacaq.
Qeyd edək ki, 1985-ci ildən bəri hər il keçirilən bu yarış yüksək səviyyəli oyunları və möhtəşəm dağ mənzərəsi fonunda baş tutan sosial tədbirləri ilə məşhurdur. Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da fəaliyyət göstərir. Burada ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanları təbliğ olunur, müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş etdirilir.
"Land of Fire" komandasının bu turnirdə iştirakı Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına və ölkəmizin idman imicinin elit məkanlarda təbliğinə mühüm töhfə verir.











