“Sabah” səfərdə, “Araz-Naxçıvan” isə doğma meydanda məğlub oldu

post-img

UEFA Konfrans Liqasında ölkəmizi təmsil edən “Sabah” komandası III təsnifat mərhələsində ilk oyununu keçirib. Həmyerlilərimizin Bolqarıstanda “Levski” futbolçularına qarşı keçirdiyi matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş sonuncu, 8-ci dəqiqədə Borislav Rupanov vurub. 

Oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib:

“Düşünürəm ki, uzun müddət “Levski”yə qarşı yaxşı mübarizə apardıq. Rəqib səviyyəli komandadır, amma ilk hissədə bizim daha çox nəzarətimiz olan anlar var idi və bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik”.

Xatırladaq ki, tərəflər arasında cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq. Bu komandaların qalibi  pley-off mərhələsində AZ (Alkmar, Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək. 

***

Ölkəmizi  UEFA Konfrans Liqasında təmsil edən digər komanda “Araz-Naxçıvan” isə III təsnifat mərhələsində ilk oyununu Bakıda keçirib. Kiprin “Omoniya” kollektivinə qarşı keçirilən oyun rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb–4:0.

Qolları 13 və 22-ci dəqiqələrdə Loizos Loizu, 55-ci dəqiqədə Evandro və 58-ci dəqiqədə isə Stefan Yovetiç vurublar.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev görüşdən sonra məğlubiyyəti belə şərh edib: “Komanda olaraq zəif oynadıq. Ardıcıl toplar buraxmaq futbolçulara mənfi təsir göstərdi, fiziki olaraq zəif deyildik. Sadəcə, alınmadı. Səhvlərdən dərs çıxarmağa çalışacağıq. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik”.

Qeyd edək ki, bu komandalar arasında da cavab görüşü avqustun 14-də Kiprdə keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

 



İdman