Cavab bu gün bəlli olacaq
Azərbaycan futbolu mühüm hadisə ərəfəsindədir. Bu axşam Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək ölkə kuboku yarışının sonuncu, deməli, həm də həlledici, ən şirin oyunu azarkeşlərə əsl bayram tamaşası vəd edir.
Təkcə finalçılar “Qarabağ”la “Sabah”ın pərəstişkarları deyil, respublikanın hər yerində bitərəf azarkeşlər də rəqiblərdən məzmunlu oyun, yüksək keyfiyyətli futbol gözləməkdə haqlıdırlar. Azərbaycan kuboku kimi fəxri mükafat onu öpüb, qürurla başı üzərinə qaldırmaq arzusu ilə yaşayan hər komandadan, istisnasız olaraq hər futbolçudan 90, bəlkə də, 120 dəqiqə ərzində yorulmadan ustalıqla döyüşmək, əzmlə mübarizə aparmaq bacarığı tələb edir.
Əgər adət etdiyi kimi, Premyer Liqada finişə hələ xeyli qalmış qızıl medalları, eləcə də, növbəti dəfə Çempionlar Liqasına vəsiqəni özünə təmin etmiş Ağdam komandası milli çempionatlarımızda 12-ci zəfərini bayram edib, finala daha sakit şəraitdə hazırlaşıbsa, “Sabah”ın düşərgəsində vəziyyət fərqlidir. Komanda indiki mövsümdə özündən və çıxışlarından müəyyən dərəcədə razı qalmaq üçün finalda mütləq qələbəyə can atmalı və bu məqsədə çatmalıdır. Əks təqdirdə, Premyer Liqa medallarından sonra kubok da əldən çıxacaq, avrokuboklar meydanına aparan yol da onun üzünə bağlanacaq.
Final həm də çempion məşqçi Qurban Qurbanovla onun rusiyalı həmkarı Vasili Berezutskinin rəqabətinə çevriləcək. Görək kimin silahı daha kəsərli olacaq.
“Qarabağ”–“Sabah” finalına marağımızı artıran bir məqamı isə xüsusi qeyd etməyə elə bir ehtiyac yoxdur, amma onun üstündən sükutla da keçmək olmur. İldən-ilə daha mükəmməl oynayıb, daha iddialı görünən Rəşad Sadıqovun “Zirə”sində və avrokuboklar meydanına vəsiqənin taleyinin artıq özündən asılı olmayan, ancaq bu meydanda oynamağa layiq “Turan Tovuz”da hamı final axşamında “Qarabağ” tərəfdarı olub, onun qələbəsini gözləyəcək. Hər şey onların istədiyi kimi olsa, son iki milli çempionatımızın gümüş mükafatçısı “Zirə” Avropa Liqası turnirinə hazırlaşacaq, çempionatımızın dördüncü komandası Tovuz kollektivi də bürünc mükafatçı, tarixində ilk dəfə Avropa “səhnəsinə” yol tapan “Araz Naxçıvan”la birlikdə Konfrans Liqasında oynayacaq. “Sabah”ın qələbəsi təqdirində isə Avroliqada məhz ona azarkeşlik edəcəyik, “Zirə” futbolçuları “konfrans”da çıxış edəcəklər, Tovuz isə avrokuboklardan kənarda qalacaq.
Beləliklə, top meydanın mərkəzindədir. Gözlər Sumqayıta yönəlib. Hakimin saat 19-da səslənəcək start işarəsinə getdikcə daha az vaxt qalır. Çox maraqlıdır, Azərbaycan kuboku kimin üzünə güləcək, final kimin üçün ikiqat bayrama çevriləcək, Avroliqa və Konfrans Liqasına “biletlər” məhz hansı komandalara təqdim olunacaq…
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist