“Neftçi”nin 907-ci qolunun müəllifi

post-img

Qarabağın isə könüllü müdafiəçisi

Getdikcə sürətini artırıb, 3-cü ayının finişinə yaxınlaşan 2025-ci ilin baharı Sovet İttifaqı çempionatlarında “Neftçi” formasında meydana çıxmış daha bir futbolçu üçün əlamətdar dövrdür. Ötən əsrin 80-ci illərində güclülər dəstəsində Bakı komandasının müdafiə xəttində çıxış etmiş Novruz Əzimov bu gün 65 yaşının tamam olması münasibətilə yaxınlarından, futbol ictimaiyyəti nümayəndələrindən təbrikləri qəbul edəcək. “Xalq qəzeti” də təkcə futbol meydanlarında fərqlənməyib, Birinci Qarabağ müharibəsində də cəsarətlə döyüşmüş bugünkü yubilyarı unutmayıb.

Statistikaya görə, SSRİ çempionatlarının güclülər dəstəsində “Neftçi”nin vurduğu sonuncu, 907-ci qolun müəllifi məhz N.Əzimov olmuşdur. Azarkeşlər bu qola 1988-ci il noyabrın 19-da Azərbaycan paytaxtı futbolçularının Kiyevin Respublika stadionunda yerli “Dinamo” kollektivi ilə görüşündə şahidlik etmişlər.

Komandamız üçün həm də 51-ci çempionatın sonuncu oyunu olan həmin görüşün tomsklı hakimi N.Yurovun start işarəsindən cəmi 10 dəqiqə sonra hücuma qoşulan Əzimov hesabı açmışdır. Ancaq erkən qol 90 dəqiqənin tamamında qonaqlar üçün zəif təsəlli olmuş, Ukraynadan xal ilə qayıtmaq üçün “Neftçi”yə kömək etməmişdir. Kiyevlilər Anatoli Demyanenko və Gennadi Litovçenko qalan 80 dəqiqə ərzində hərəyə bir top vurub, “Dinamo”ya 2:1 hesablı çətin qələbə qazandırmışlar.

“Neftçi” ölkə çempionatlarının güclülər dəstəsində son oyununda Elxan Həsənov, Novruz Əzimov, Yaşar Vahabzadə, Rasim Abuşov, Andrey Fedorovski, Vitali Alxasov, Yunis Hüseynov (Vladislav Lemiş, 72), Vəli Qasımov, Vidadi Rzayev (Vladislav Qədirov, 85), Maşallah Əhmədov və Samir Ələkbərovdan ibarət heyətlə çıxış etmişdir.

Futbola dair kitablar bizə həm də Əzimovun “Neftçi” üçün SSRİ çempionatlarının güclülər dəstəsində sonuncu turnirdə 17 oyunda iştirak etdiyini xatırladır.

O, futbolda bir oyunçu kimi çıxışlarını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayaraq, müstəqillik illərində respublikamızın bir neçə klubunu çalışdırmış, həmçinin Moldova çempionatının yüksək liqasında oynayan “Dinamo-Avto” klubunun baş məşqçisi olmuşdur.

İdman həvəskarlarımız 1992-ci ilə təsadüf etmiş Azərbaycanın ilk müstəqil çempionatının start turlarından birində “Neftçi”nin Sumqayıtın “Xəzər” kollektivi ilə görüşündən (1:0) sonra Novruzovun könüllü olaraq Birinci Qarabağ müharibəsində cəbhəyə gedib, erməni işğalçılara qarşı fədakarlıqla döyüşdüyünü də eşitmişlər. Həmin respublika birinciliyində “Neftçi” çempion olduqda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) qərara alıb ki, cəsur döyüşçü bu çempionatda cəmi bir oyunda iştirak etməsinə baxmayaraq, ona da qızıl medal təqdim olunsun. Futbolçunun könüllü olaraq cəbhəyə getməsi, döyüşlərdə göstərdiyi şücaət diqqətdən kənarda qalmamışdı.

Biz yazılarımızda o uzaq illərdəki “Neftçi”nin bir neçə futbolçusunun doğum gününü yada salıb, onlar haqqında hörmət və ehtiramla söhbət açmışıq. Bu gün isə Novruz Əzimovun günüdür. Yubileyi mübarək olsun!

***

Bu gün dərc etdiyimiz foto 1987-ci ildə Türkiyənin İzmir şəhərində yerli “Altayspor” və “Neftçi” komandaları arasında yoldaşlıq görüşü (0:1) başlanmazdan əvvəl lentə alınmışdır. Şəkildə ayaq üstə duranlar sırasında sağdan birinci N.Əzimovdur.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman