Həssas qrupdan olan uşaqlar üçün Novruzda tibbi aksiya

post-img

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin avtomobil səyyar klinikası İlaxır çərşənbə günü Mərdəkan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində tibbi aksiya keçiriblər. Aksiya çərçivəsində 50-yə yaxın uşaq oftalmoloji müayinəyə cəlb olunub. Uşaqlarda miopik astiqmatizm, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb. Müayinə zamanı ehtiyacı olan uşaqlara sağlamlığının qorunmasına mühüm töhfə kimi təmənnasız dərman vasitələri verilib. 

Aksiya çərçivəsində Novruz Bayramı münasibətilə uşaqlar üçün xüsusi şənlik – bayram süfrəsi və sovqatlar təşkil edilib. Keçəl və Kosa personajlarının iştirakı ilə keçirilən bu şənlik uşaqlara sevinc bəxş edib və bayramın ənənəvi ruhunu yaşadıb. Rəngarəng dekorasiyalar, bayram mahnıları və əyləncəli oyunlarla müşaiyət olunan bu şənlik uşaqlar üçün unudulmaz anlar yaşadıb. Onlar Novruzun əsas atributları olan səməni, boyanmış yumurtalar və şirniyyatlarla bəzədilmiş süfrə ətrafında toplaşaraq bayramın ruhunu hiss ediblər.

Bu cür sosial tədbirlər, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırır, sosial bacarıqlarını inkişaf etdirir və bayramın sevincini daha yaxından hiss etmələrinə şərait yaradır. Eyni zamanda, onlara diqqət və qayğı göstərildiyini görüb, özlərini dəyərli və cəmiyyət üçün əhəmiyyətli hiss edirlər. Belə tədbirlər onlarda özlərinə inam hissini gücləndirir və xoş xatirələrə çevrilir. Bayramın belə kollektiv şəkildə qeyd edilməsi mərkəzin aksiyada iştirak edən əməkdaşları ilə və uşaqların bir-biri ilə daha yaxından tanış olmasına, dostluq münasibətləri qurmasına, cəmiyyətə inteqrasiyasına və sosial adaptasiyasına töhfə verir.

1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikova göstərilən tibbi dəstəyə, eyni zamanda, təşkil edilən bayram şənliyinə görə, Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımova və  kollektivinə təşəkkürünü bildirib, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Leyla Əliyeva və Aynur Ağayeva tərəfindən həyata keçirilib. Aksiyada həmçinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdıyeva, səyyar klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov və təşkilat şöbəsinin əməkdaşı Leyla Qurbanova iştirak ediblər.

Onu da qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası təkcə paytaxt deyil, regionlarda, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tibbi aksiyalarını davam etdirir. Bu aksiyalar çərçivəsində ehtiyacı olan insanlar pulsuz müalicə, eynək və dərman vasitələri ilə təmin olunurlar. Məqsəd, regionda yüksək səviyyəli tibbi xidmətin əlçatanlığını təmin etmək və insanların göz sağlamlığını qorumağa dəstək olmaqdır.

Zərifə HÜSEYNOVA

XQ







Sosial həyat