Azərbaycan və Almaniyanın Milli Antidopinq Agentlikləri arasında anlaşma memorandumu imzalanacaq

post-img

“Bu konfrans Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə əməkdaşlığımızın bir hissəsidir. Biz sabah qarşılıqlı anlaşma memorandumunu imzalamaqla əməkdaşlığımızı gücləndirəcəyik. Memorandumun məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsindən ibarətdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniya Milli Antidopinq Agentliyinin (NADA) İdarə Heyətinin sədri Lars Mortsiefer Bakıda keçirilən “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış" adlı beynəlxalq konfransla bağlı danışarkən deyib.

O, AMADA-nın konfransı yüksək səviyyədə təşkil etdiyini vurğulayıb: “Burada təcrübəli ekspertlərin arasında olmaqdan çox şadam. Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi (ITA) və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbər şəxsləri antidopinqə beynəlxalq baxış, bu sahədə təhsil və elm kimi mövzuları müzakirə etmək üçün bir araya toplaşıblar. Xüsusilə də bu konfransın Olimpiadanın keçirildiyi idman ilinə təsadüf etməsi böyük əhəmiyyət kəsb edir. Burada təmiz idmanı qorumaq, antidopinq sahəsində təcrübələrimizi bir araya gətirmək olduqca vacibdir”.

L.Mortsiefer Bakıya ilk dəfə gəldiyini və buradakı qonaqpərvərlikdən razı qaldığını söyləyib: “Açığı, dünən gəldiyim üçün şəhəri çox gəzə bilmədim. Amma bilirəm ki, burada gəzməli və görməli yerlərim çox olacaq”.

Qeyd edək ki, konfrans AMADA-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

İdman