Gimnaziada komandamız Vətənə qələbə ilə qayıtdı

post-img

160 məktəblimiz 81 medal qazanıb

Bəhreynin paytaxtı Manama şəhərində təşkil edilmiş Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə qayıdıblar. Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları coşqu ilə qarşılayıblar.

Jurnalistlərə müsahibə verən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elvin Zeynallı XX Gimnaziada İdman Oyunlarında komandamızın uğurla çıxış etdiyini bildirdi. O qeyd etdi ki, yığmamızı təmsil edən 160 idmançı 81 medal qazanıb ki, bu da yaxşı nəticədir:

– Komandamızın üzvləri uğurla çıxış etdilər. Onlar həm də bu yarışda böyük təcrübə qazandılar. İştirakçılardan yaşca ən kiçiyi 2011-ci il təvəllüdlü Paşam Əlizadə, böyüyü isə paraüzgüçü Nurcan Rüstəmli idi. Onlar hələ gəncdirlər və böyük perspektivləri var. Ümid edirik ki, idmançılarımız gələcəkdə daha nüfuzlu yarışlarda yüksək nəticələr əldə edəcəklər.

Boks Federasiyasının Veteran və Çempionlar Komitəsinin sədri Şahin İmranov boksçularımızın ölkəmizi layiqincə təmsil etdiklərini bildirdi:

– Boksda bir qədər durğunluq var idi. Olimpiya Oyunlarında komandadan daha yüksək nəticələr gözləyirdik. Hazırda gənc boksçulardan ibarət Azərbaycan milli komandası dünya birinciliyində uğurla çıxış edir. 5 boksçumuz artıq yarımfinaldadır. Gimnaziadada boksçularımız 18 medal qazanaraq, komanda hesabında birinci yeri tutublar. Yeniyetmə və gənc boksçularımızdan gələcəkdə daha yüksək nəticələr gözləyirik. Atletlərimizin hazırlığı ilə bağlı Boks Federasiyası bütün tədbirləri görür.

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli son illər yeniyetmələrdən ibarət komandanın nüfuzlu yarışlarda çıxışını lider kimi başa vurduğunu bildirdi:

– Bu yarışda da yaxşı çıxış etdik. Düzdür, daha çox medal qazana bilərdik. Cüdoçularımız oyunları 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurdular. Azərbaycan yığması medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında birinci yeri tutdu. Qızıl medalları Məhəmməd Rüstəmli (50 kq) və Məhəmməd Ağakişiyev (73 kq) qazandılar. 90 kiloqramdan yuxarı çəki dərəcəsində Sübhan Axundov və Əli Hümbətovdan (66 kq) da qızıl medal gözləyirdik. Onlar 3-cü yeri tutdular. Bu yarış idmançılarımıza zəngin təcrübə qazandırdı.

Məşqçi növbəti ildə yığmamızı Dünya, Avropa birincilikləri, Avropa Gənclər Olimpiya Festivalı və MDB Oyunları kimi məsuliyyətli yarışların gözlədiyini vurğuladı:

– MDB Oyunları gələn il Azərbaycanda keçiriləcək. Üzərimizə düşən məsuliyyəti dərk edirik. Çalışacağıq ki, əvvəlki yarışlardan da yaxşı nəticə əldə edək.

Güləş komandamız da gimnaziadada uğurla çıxış edib. Bəhreynə yollanan 28 idmançıdan 24-ü medal qazanıb.

Yeniyetmələrdən ibarət sərbəst güləş üzrə millinin böyük məşqçisi Əskərxan Novruzov yığmanın yaxşı formada olduğunu dedi:

– İlboyu Avropa və Dünya çempionatlarına yaxşı hazırlaşdığımız üçün güləşçilər yaxşı formada idilər. Komandamız daha çox qızıl medal əldə edə bilərdi. Yunan-Roma güləşində 7 final var idi. Finallardan yalnız 110 kiloqram çəkidə qızıl medal ala bildik. Qadın güləşində 4 təmsilçimiz var idi. Onlar 1-i qızıl medal olmaqla 3 mükafat qazandılar.

Qadın güləşi üzrə yığmanın üzvü Esra Məmmədli yarışda qızıl medal qazanmağı qarşıya məqsəd qoyduğunu dedi:

– Hazırlığımız yüksək formada idi. Qızıl medalı hədəfləmişdim. Amma gümüş mükafat da pis nəticə deyil. Bəzi səhvlərim oldu. Onların üzərində çalışacağam. Məşqçim Solmaz Adilovaya minnətdarlığımı bildirirəm. Üzərimdə böyük əziyyəti olub. Gələcəkdə daha böyük yarışlarda yüksək nəticə göstərmək istəyirəm.

Yunan-Roma güləşi üzrə gimnaziadanın qızıl medalçısı Mikayıl İsmayılov (110 kq) beynəlxalq arenada qələbə qazanmağın möhtəşəm hiss olduğunu dedi:

– Bundan əvvəl Avropa və Dünya çempionatlarının mükafatlarını əldə etmişəm. Amma heç vaxt Vətənə qızıl medalla qayıtmamışdım. Final görüşündə yalnız qalib gəlməyi düşünürdüm. Hakim haqsızlığına baxmayaraq, qızıl medala layiq görüldüm.

Qeyd edək ki, Azərbaycan yarışda aerobika, bədii və idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük üzrə 160 idmançı ilə təmsil olunub. Komandamız yarışı 26-sı qızıl, 26-sı gümüş, 29-u bürünc olmaqla, ümumilikdə 81 medalla başa vurub.

Leyla QURBANOVA,
Elşən AĞALAR
XQ









İdman