Qubada “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

post-img

Bu gün idman paytaxtı Quba şəhərində 12 yaşadək futbolçular arasında “Ulduz Cup” beynəlxalq turniri start götürüb. 

Turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində keçirilir. 

Yarışın açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ölkəmizdə idmanın inkişafından danışıb. Qeyd edib ki, idmanın küləviliyinin artırılması istiqamətində bir sıra işlər görülür. O, belə bir yarışın təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.

Bu il “İdmanın ürəyi Qubada döyünür” şüarı altında tədbirlərin keçirildiyini deyən çıxışçı bölgədə ilk dəfə beynəlxalq futbol turnirinin təşkil olunduğunu bildirib. 

Gənclər və idman naziri Fərid Qayıbov da "Ulduz Cup" beynəlxalq turnirinin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildirib. Nazir "Ulduz" Futbol Akademiyasının gördüyü işlərdən söz açıb. Fərid Qayıbov komandalara uğurlar arzulayaraq yarışı açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır. 

A qrupunda Şimali Kipr millisi, “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA və “Quba” OİK, B qrupunda isə “Dinamo” (Minsk, Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayacaq.

Sentyabrın 6-da turnirə yekun vurulacaq.

L.QURBANOVA

C.QAÇAYEV

XQ

 











İdman