Parisdə yarış həyəcanı başlayıb. Dördilliyin mötəbər idman tədbirinə Parisdə Yelisey meydanı boyunca Konkord meydanına qədər keçirilən paradla start verilib. Açılış mərasimində Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar. Mərasimi 65 min tamaşaçı izləyib.
Oyunların ilk günündə Azərbaycanın 3 idmançısı mübarizə aparıb. Paraüzgüçülük yarışlarında Azərbaycan təmsilçisi Könül Süleymanova da start xəttinə çıxıb. S2 kateqoriyasında çıxış edən idmançımız 100 m məsafəyə arxası üstə üzmədə mübarizə aparıb və 4:03,04 dəqiqəlik göstərici ilə qrupda 5-ci olub. O, yekunda ilk “səkkizliy”ə düşə bilmədiyi üçün final mərhələsinə yüksələ bilməyib. Millimizi Fransa paytaxtında 3 paraüzgüçü təmsil edir. Raman Salei avqustun 31-də, Vəli İsrafilov isə sentyabrın 5-də çıxış edəcəklər.
Daha sonra parakamandan oxatma üzrə yığmanın üzvü Cahan Musayev hədəfi dəqiq nişan almağa çalışıb. Cahan Musayev yekun sıralamada 568 xalla 30 idmançı arasında 28-ci olub.
Dünən parataekvondoçumuz Sabir Zeynalov (K-44 -58 kq) da dayanq üzərinə çıxıb. İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hasabı ilə qalib gələn Zeynalov yarımfinala yüksəlib.
Yarımfinalda türkiyəli Can Özcana uduzan Sabir Zeynalov bürünc uğrunda yarışıb. Parataekvondoçumuz tailandlı Tanva Taenxamla döyüşüb və inamlı qələbə qazanıb – 12:3. Bu, yığmamızın Fransa paytaxtında ilk medalı olub.
Digər parataekvondoçularımız – İmaməddin Xəlilov bu gün, Əbülfəz Abuzərli isə sabah mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək oyunlarda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.
Leyla QURBANOVA
XQ