Bakıda sentyabrın 13-15-də keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən qəzetimizə verilən məlumata görə, Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Hərəkət sentyabrın 17-də səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək.
L.QURBANOVA
XQ