İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 Dünya çempionatı başa çatıb.
Yarışın son günündə sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar.
Rəvan Həsənzadə (45 kq) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini “tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boynundan asıb.
Beləliklə, millimiz Dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Hüseyn Hüseynovla (55 kq) Muxamad Qantemirov (110 kq) dünya üçüncüsü olublar. Yığmamız 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.
L.QURBANOVA
XQ