“Azərbaycan Olimpiya Evi”ndə görüş

post-img

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə idmançılarımızın qələbəsinə həsr olunmuş görüş keçirilib.

Görüşdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi Azər Əliyev, Fransadakı səfirimiz Leyla Abdullayeva, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, “Paris-2024” Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Qonaqlar arasında Parisdə ikiqat Olimpiya çempionu titulunu qazanmış Filippin gimnastı Karlos Yulo da iştirak edib və Azərbaycan idmançıları ilə qələbə təəssüratlarını bölüşüb.

Görüş iştirakçıları Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız Qaşım Maqomedovu və Həsrət Cəfərovu alqışlarla qarşılayıb, onlarla qürur duyduqlarını bildiriblər. Vurğulanıb ki, XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımız bütün dünyaya Azərbaycan idmançısının iradəsini və mübarizliyini bir daha nümayiş etdirdilər. 

“Azərbaycan Olimpiya Evi”ndə quraşdırılmış monitorlarda Azərbaycan Olimpiya Hərəkatı tarixinə dair film nümayiş etdirilib.

İdman