Cüdoçularımız tarix yazdı
Paris Yay Olimpiya Oyunlarında Azərbaycanın cüdo komandası tarix yazmaqda davam edir. Olimpiya komandamızın aktivinə növbəti qızıl medalı da tatami ustalarımız yazdırıblar. Millimizin üzvü, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Katsoyev bir-birinin ardınca inamlı qələbələri sayəsində fəxri kürsüyə yüksəlib.
Dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) üzərində ipponla qələbə qazandıqdan sonra, növbəti rəqibi Peter Palçiki (İsrail) olub. İstedadlı tatami ustamız Dünya çempionatının bürünc mükafatçısı olan rəqibini də məğlubiyyətə uğradaraq yarımfinala çıxıb. Bu mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə də gücünü göstərən Kotsoyev finala yüksəlib. Çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidzeni məğlub edən cüdoçumuz Olimpiya çempionu adına layiq görülüb.
Zelim Kotsoyev bununla da Azərbaycan idman tarixinə yeni səhifə yazmış oldu.
Olimpiadalar tarixində 2 dəfə - "Sidney" və “London"da qızıl medal qazanmışıq. Eyni idman növündə isə Azərbaycan tarixində ilk dəfə 2 qızıl medal əldə etməyə nail olduq. Bu, iştirak etdiyimiz olimpiadalarda cüdoçuların isə ən yüksək nəticəsidir. Müstəqil Azərbaycanda Olimpiya Oyunlarında cüdo üzrə ilk qızıl medalı Nazim Hüseynov “Barselona-1992”də qazanıb. Azərbaycan bayrağı altında cüdoçularımız “Pekin-2008”də 1 qızıl, 1 bürünc, “Rio-2016”da 2 gümüş, “Tokio-2020” də isə 1 bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, cüdoçumuz Hidayət Heydərov parlaq çıxışı sayəsində Oyunlarda fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. İstedadlı tatami ustasının qızıl medalı, həm də olimpiadada millimizin ilk medalı kimi tarixə düşüb.
XQ