Azərbaycan millisinin sabiq futbolçusu: Türkiyə yığmasını hesabdan silmək olmaz

post-img

“Niderland millisi favorit hesab edilsə də, bu, futboldur və istənilən nəticə qeydə alına bilər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev Avropa çempionatının 1/4 final mərhələsində bu gün Türkiyə və Niderland yığmaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.

O, “ay-ulduzlular”ın yarımfinala vəsiqə qazanacağına inandığını bildirib: “Niderland seçməsi güclü komandadır. Xüsusilə də müdafiədə etibarlı oyunu ilə diqqət çəkir. Bu cür turnirlərdə kifayət qədər təcrübəyə malikdirlər. Onlar qrup mərhələsində türklərin 1/8 finalda mübarizədən kənarlaşdırdığı Avstriyaya məğlub olublar. Türkiyə yığmasını siyahıdan silmək olmaz. Futbol ictimaiyyəti “ay-ulduzlular”ın oyunun üslubundan narazıdır. Lakin tarixdə göstərdiyin oyun deyil, qazandığın nəticələr qalır. Avropa çempionatında İspaniya, Almaniya və Avstriya komandaları istisna olmaqla, digər yığmalar keyfiyyətli oyun sərgiləmir. Ona görə də bu gün türklər qalib gəlməli və yeni tarix yazmalıdırlar”.

R. Əliyevin fikrincə, Türkiyə yığması əzmkarlıq hesabına Avropa çempionatında böyük nəticə əldə edə bilər: “Bu komandada milli ruh hər zaman yüksək səviyyədə olub. Bunun sayəsində də uğurlu nəticələr qazanıblar”.

Qeyd edək ki, Niderland–Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman