Demiralın qolları, Mertin super “seyv”i və Türkiyənin qələbəsi

post-img

Avstriya–Türkiyə qarşılaşması 1/8 final oyunlarının sonuncu matçı idi. Bu matçda səhvə yol vermək turniri tərk etmək demək idi. Buna görə idi ki, oyun başlayanda, sanki, artıq 90-cı dəqiqə idi və hər iki komanda özünü xilas etmək üçün qol vurmalı idi. Bu, dəlicəsinə bir futbol idi desəm, bəlkə də, ən doğru təəssürat olardı. Ancaq belə həlledici “savaşlarda” Türkiyədən bu əzmkar “döyüş” gözlənilən idi. Dəqiqə tamam olmamış Avropa çempionatının pley-off mərhələsinin tarixində ən sürətli qol vuruldu. Doğrudur, bir qədər sürpriz qola bənzədi, amma bu, mahiyyəti dəyişmirdi. Türkiyə Avropaya növbəti sürprizini gerçəkləşdirməyə doğru gedirdi. 

Künc zərbəsindən sonra təh­lükəni qapılarından uzaqlaşdırmağa çalışan avstriyalı Kristof Baumqart­nerin zərbəsindən sonra top part­nyoru Stefan Poşa çarpıldı və qa­pıya uçdu - qapıçı Patrik Penz özü də bilmədən topu Merih Dəmirala yönləndirdi. Türk millisinin Səudiyyə Ərəbistanı Krallığının “Əl-Əhli” klu­bunun müdafiəçisi bu fürsəti əldən vermədi və 57-ci saniyədə Avstriya­nı və Baumqartneri şoka saldı. Hə­min Baumqartneri ki, oyundan əvvəl “güclü açılışlar”ın Avstriya millisinin əlamətdar xüsusiyyətinə çevrildiyini iddia etmişdi. Cəmi 57 saniyədən sonra qapılarında qol görəndə onun şokunun nə qədər güclü olduğunu təsəvvür etmək çətin deyildi. Çünki bu dəfə güclü açılışı onlar yox, türk­lər etdilər. 

Bundan dərhal sonra avstriyalı­lar Ranqniksayağı təzyiqləri ilə ca­vab verməyə atıldılar. Hətta künc zərbəsindən sonra ilk qol şansını da yaratdılar. Az qala “kuriyoz” bir qol da vuracaqdılar. Türkiyəli futbolçu­lar qeyri-standart - aşağı, qapı önü boyu ötürmədən təəccübləndilər. Top qapıçı Mert Günokun qapısı­nın ətrafından dönsə də, çərçivəyə düşmədi. Bir müddət türklər sadəcə olaraq mövqe müdafiəsinə dözməli oldular. Müdafiəçilərə arxadan be­şinci dayaq müddafiəçisi rolunda oy­nayan kapitan Kaan Ayhan kömək edirdi. Bu taktiki qərar sayəsində Montellanın komandası obyektiv cəhətdən müdafiə xəttində boşluqla­ra yol vermədi.

Daha sonra Türkiyə yığması oyunu az-çox sakitləşdirə bildi. Al­maniyada özlərini evdəki kimi hiss edən türklər, ilk növbədə, sağ ci­nah hücumcusu kimi çıxış edən çe­vik ayaqlı Barış Yılmaz və “yalançı doqquzluq” rolunu oynayan Arda Gülərin hesabına təhlükəli əks-hü­cumlar həyata keçirdilər. Hətta “Real” Madridin gənc ulduzunun yarımmüdafiədən vurduğu bir zərbə az qala qol olacaqdı. Cəzalı Hakan Çalhanoğlunun yoxluğunda təhlükəli künc zərbələrini də, Arda yerinə yeti­rirdi. Dəmiral cəsarətlə növbəti künc zərbəsindən sonra dubla yaxınlaşdı, lakin az fərqlə hədəfi qaçırdı.

Ralf Rangnikin komandası topla davranmaqda heç də xoş təəssürat yaratmırdılar. Tez-tez mərkəzdən irəli şığısalar da, bütün girişlər sanki beş qıfılla bağlanmışdı. Avstriya yığ­ması ilk hissədə Türkiyə komandası­nın cərimə meydançasında 10 dəfə topa sahib oldu, cərimə meydança­sından cəmi iki zərbə endirdi, ancaq bir dəfə də olsun hədəfə düşmədi. Ümumiyyətlə, fasilədən əvvəl rəqib­lər bir yerdə hədəfə cəmi bir zərbə ilə məhdudlaşdılar ki, bu da Montel­lanın komandasının qoluna çevrildi. Bu erkən qolun vurulduğu belə gər­gin bir oyun üçün heyrətamiz statis­tika idi.

Fasilə zamanı Ranqnik ikiqat əvəzetmə edərək, Avstriya ilə Tür­kiyə arasında martda keçirilən və 6:1 hesabı ilə nəticələnən yoldaş­lıq oyununda het-trik edən “Fray­burq”un hücumçusu Mixael Qreqorçi hücum xəttinə buraxdı. Avstriyalılar Türkiyənin müdafiəsinə təzyiqi ar­tırdılar. Ralf Ranqnikin yetirmələ­ri rəqiblərini bütün mövqelərdən sıxışdırmağa çalışsalar da, türklər qapının önündə əsl mənada “barri­kadalar” qurdular. Arxalarında isə türk bayraqlarını yelləyib stadionu coşduran gurultulu tribunalar var idi. 

Qol vəziyyətləri yaranmağa baş­ladı. Mert Günok olmasaydı, Marko Arnautovic ikinci hissənin əvvəlin­də hesabı bərabərləşdirəcəkdi. Bu hissənin ilk dəqiqələrində Avstriya millisinin kapitanı Marko Arnautoviç Günokla təkbətək qaldı, lakin “Be­şiktaş”ın qapıçısı gözəl “seyv” etdi. Etiraf edək ki, matçın bu məqamın­da bəxt və ya qapıçı sehri olmasa idi, Montellanın komandası çətin və­ziyyətdə qalardı. Mert və onun super “seyv”ləri haqqında isə ayrıca danış­maq lazımdır. 

Buna baxmayaraq, Türkiyə ko­mandası yenə də avstriyalıların təzyiqinə tab gətirdi - və ikinci qolu vurdu! Yenə Demiral. Deyəsən, Səudiyyə Ərəbistanından qollar bir günlük gecikmə ilə nəhayət, Avroya çatdı. Kriştiano Ronaldonun pərəs­tişkarları “Əl-Nəsr”in oyunçusunun pley-offda möhtəşəm qollarına ümid edirdilər, ancaq qəhrəman “Əl-Əhli” təmsilçisi Demiral oldu. Matçın 59-cu dəqiqəsinin tamamında Demiral küncdən zərbədən sonra növbəti dəfə hamıdan yüksəyə tullanaraq topa başı ilə qarşısıalınmaz zərbə endirdi və qırmızı, ay-ulduzlu bay­raqlarla çalxalanan stadionu lərzəyə gətirdi.

Amma bu, Avstriya yığması üçün hələ nokaut deyildi. Künc zərbəsin­dən sonra Mertin qapısı qarşısında yaranan eyni vəziyyət Ranqnikin komandasının da yeddi dəqiqə son­ra oyuna qayıtmasına kömək etdi. Türklər və avstriyalılar sanki razılığa gəlmişdilər ki, ancaq künc zərbələ­rindən qol vursunlar. Forvard Qreqo­riç Türkiyə millisi üçün həqiqətən də qorxulu yuxudur! Onun qolunu sadə, klassik oyunla uzaq dirəyə ötürmə gətirdi. Qəribədir ki, türkiyəli müdafiəçilər sanki rəqib hücumçunn tək qaldığını görmürdülər.

Qalan vaxtda oyun Avstriya yığ­masının davamlı mövqe hücumuna çevrildi. Hiss olunurdu ki, türklərin enerjisi tükənir. Normal vaxtın bit­məsinə 12 dəqiqə qalmış Montella daha az yadda qalan gənc ulduzları­nı - Gülər və Kənan Yıldızı əvəzlədi. “Real” Madridin yarımmüdafiəçisi, statistikaya görə, portnyorlarını zər­bə mövqeyinə çıxarmaq üçün cəmi iki ötürmə verdi, iki driblinq etdi və bir dəfə qeyri-dəqiq zərbə endirdi.

Avstriya komandası çoxlu sürət­li hücum ötürmələrindən birindən sonra qolkiper Günokun çıxışda yol verdiyi nadir səhv zamanı əsas vaxtda son şansını əldən verdi. Ba­umqartner başı ilə topu boş qapıya çatdırdı, lakin karyerasının, bəlkə də ən yaxşı matçını keçirən Demiralın təzyiqi ilə hədəfi qaçırdı. Əlavə vax­tın 5-ci dəqiqəsində isə bəxtsiz Ba­umqartnerin yenidən başı ilə endir­diyi zərbədən sonra Mert Günok özü super “seyv” edib, Merih Demiralın Türkiyə üçün qazandırdığı qələbəni xilas etdi. Qapıçının yerdən sıçrayan topu necə dəf etməsi inanılmaz və möcüzə idi. Ranqnikin komandası qapıya türklərin 6 zərbəsinə qarşı 21 zərbə endirdi, lakin buna baxmaya­raq, onlar Avstriyanı Avro 2024-dən kənarlaşdırdılar.

Bundan sonra artıq 1/4 finalda Hollandiya ilə qarşılaşacaq türklərin əlindən qələbəni heç kim ala bilməz­di. Avro-2024-də “Avstriya nağılı” başa çatdı. Komanda ən çətin qrup­da birinci yeri tutsa da, pley-off mər­hələsinin başlanğıcında geri çəkildi. Ralf Ranqnikin komandaya aşıladığı hücum tərzini və inamı nəzərə alsaq, Türkiyəyə məğlubiyyət, həqiqətən, məyusedici oldu. 

Türkiyə milli komandasının jur­nalisti Aydın Güvenir Demiralın oyunu ilə bağlı fikirlərini bölüşərək deyib: “Merih Demiral ikinci qolu vu­randa Türkiyə üçün işlərin asanlaşa­cağı görünürdü, amma belə olmadı. Çexiya və Gürcüstanla matçlarda ol­duğu kimi, böyük təzyiqi saxlayaraq, qələbəni əldən verməmək lazım idi”. 

Bax, qələbəni əldən verməyən əsas adam möcüzəli super “seyv”i ilə dünyanı heyran qoyan Mert Gü­nok oldu. Bunu qeyd etməmək əsla doğru olmazdı. Demiral qələbə qa­zandırdı, Mert isə o qələbəni xilas etdi. Komanda bunu bacardı və ta­rixində üçüncü dəfə Avropa çempio­natının 1/4 finalına yüksəldi.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik də Mertin ustalığını yüksək qiymətləndirib və onu 1966-cı il dünya çempionu olmuş ingilis qapıçı Qordon Benks adlandırıb. Benks XX əsrin ən güclü qapıçıla­rı siyahısında Lev Yaşindən sonra ikinci yeri tutur. Avstriya millisinin baş məşqçisi deyib: “Bizim bəxtimiz gətirmədi. İnanıram ki, oyun əlavə vaxta getsəydi, qalib gələcəkdik. Hesabı bərabərləşdirməyə vaxtımız var idi, lakin rəqibin qapısında “Gor­don Benks” olanda bu, çətin olur!”

Matçın ən yaxşı oyunçusu elan edilən Merih Demiral oyundan son­ra sevincini belə bölüşüb: “Qarşısını almaq lazım olan hər şeyin qarşı­sını aldım və hər iki qolu da doğru zamanda vurdum. Heç bir səhvə yol vermədim”. Haqlısan Demiral, əhsən sənə! Təkcə Türkiyəni deyil, bütün türk dünyasını şərəfləndirdin. 

Qardaş ölkənin Prezidenti Rə­cəb Tayyib Ərdoğan bu qələbəyə həmişəki kimi diqqətsiz qala bilmə­yib. Dövlət başçısı milli komandanı Avro-2024-ün 1/8 final mərhələsin­də Avstriya ilə oyunda qazandıqları qələbə münasibətilə təbrik edərək bildirib: “Avropa çempionatında Avstriyanı məğlub edərək 1/4 finala yüksələn futbol komandamızı ürək­dən təbrik etmək istərdim. Uşaqla­rımıza çempionluq yolunda uğurlar arzulayıram”.

Avstriya–Türkiyə: statistika nə deyir?

Merih Demiralın qolu Avropa çempionatında ikinci ən sürət­li qolu olub. AVRO tarixində ən sürətli altı qoldan dördü 2024-cü ildə vurulub.

Maykl Qreqoricin qolu UEFA AVRO 2024-ün 100-cü qolu olub.

Avstriyalılar 1954-cü il dün­ya çempionatından sonra böyük beynəlxalq turnirin pley-off mər­hələsində heç bir qələbə qazana bilməyiblər.

Türkiyənin AVRO-2024-də vur­duğu 7 qolu 6 fərqli oyunçu vurub.

Türkiyə pley-off matçı üçün start heyətində 2 yeniyetmə - 19 yaşlı Arda Gülər və Kənan Yıldız olan tarixdə ikinci komanda oldu (birincisi 1964-cü il Avropa çempi­onatında Macarıstan idi).

*** 

Ötən sayımızda qeyd etdiyi­miz kimi, Avro-2024-ün 1/8 final mərhələsinin son oyun günündə Münxendə Rumıniya və Hollandiya milliləri qarşılaşıb. Ronald Kumanın komandası favorit olsa da, Rumıniya millisi uğurlarına görə hörmətə daha çox layiq idi. Amma buna baxmaya­raq, Rumıniya millisinin 2024-cü il Avropa futbol çempionatındakı “ma­cəraları çərşənbə axşamı 1/8 final mərhələsində Hollandiyaya 3:0 he­sabı ilə uduzmaqla başa çatıb. 

“Narıncılar” əvvəlki matçlarda gördüyümüzdən daha çox hücuma önəm verən inandırıcı oyun nümayiş etdirdilər. Komanda müdafiə xəttin­dən hücuma qədər topla ağılla işlə­yir və hər bir fürsətdə sürətli hücuma keçirdi. 

Hollandlar turnirin favoriti hesab olunmasalar da, bu oyundan son­ra çətin ki, onlara yuxarıdan aşağı baxan olsun. Çünki Ronald Kuma­nın komandası qrupda 3-cü yeri tutaraq 1/4 finala yüksələn yeganə komandadır. Rumıniya isə hazırda qrupda 1-ci yeri tutaraq pley-offun ilk mərhələsində mübarizədən kənar­laşdırılan yeganə yığmadır.

Hollandiya millisi 2008-ci ildən sonra ilk dəfə Avropa çempionatının 1/4 finalına yüksəlib. 1/4 finalda Ro­nald Kumanın komandası Türkiyə millisi ilə qarşılaşacaq. Matç şənbə günü, iyulun 6-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səhifəni hazırladı:
İlqar RÜSTƏMOV
XQ





İdman